“Düzgün planlama ilə Bakıda nəinki tramvay, hətta trolleybus xətlərini də bərpa etmək mümkündür”.
Bu fikirləri Bakının yeni Baş planı və orada nəzərdə tutulan genişmiqyaslı işlər haqda danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
MMP sədrinin sözlərinə görə, Bakı Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də dünyanın əsas müasir şəhərlərindən birinə çevrilib:
“Bakının gələcəyi ilə bağlı işlərin həyata keçirilməsi mütləqdir. Lakin bu işlərin icrası ilə paralel olaraq, şəhərin yükünün azaldılmasına da diqqət yetirilməlidir. Yəni bəzi nazirliklər və ali təhsil müəssisələri müəyyən bölgələrimizə köçürülməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu kimi faktorları nəzərə almalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Yaxud universitetlər ətraf regionlara, xüsusilə, Qarabağın mərkəzi olan Şuşaya, Xankəndiyə köçürülsə, daha yaxşı olar. Bir sözlə, Bakının yükü maksimum dərəcədə azaldılmalıdır.
Düzgün planlama ilə Bakıda nəinki tramvay, hətta trolleybus xətlərini də bərpa etmək mümkündür. Yerindən duran danasını satıb gəlib Bakıda maşın alıb “taksavatlıq” etməməlidir. Rayonlarda iş yerləri açılmalı, həyat şəraiti yüksəldilməlidir. Bakı ilə bağlı gələcək planlar hər birimiz üçün sevindirici haldır. Ancaq regionları da yaddan çıxarmaq olmaz”.
Nəsimi Ələsgərli
www.yenicag.az