Bakıda 4 nəfərin öldüyü yanğınla bağlı araşdırma başladıldı
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Bu barədə Yenicag.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.












