Geosiyası şahmatda yeni gediş: Terror Suriyadan İrana ixrac olunur
Suriyanın şimal-şərqində SDG adlanan terror yuvalarının ərəb torpaqlarından qovulması ilə regionda kartlar yenidən paylanır.
Etnik balansın qırılma nöqtəsi olan Həsəkə, artıq sadəcə bir şəhər deyil, yeni geosiyasi müharibənin poliqonuna çevrilib. Analitik xəbərdarlıqlar kəskindir: Suriya cəbhəsi bağlanır, qlobal güclərin oxları birbaşa İranı hədəf alan irimiqyaslı əməliyyat mərhələsinə keçid edir.
SDG-nin iqtisadi və hərbi iflasi
PKK/YPG-nin maskalanmış forması olan SDG-nin ərəb zonalarından təmizlənməsi sıradan bir geri çəkilmə deyil, terror strukturunun onurğa sütununun qırılmasıdır. Şam qüvvələrinin Hələbdən Fərata qədər uzanan sürətli irəliləyişi nəticəsində Deyr əz-Zorun enerji resursları və Rakkanın strateji su bəndləri terrorçuların əlindən çıxıb. Bu, SDG-nin həm hərbi logistikasını, həm də “iqtisadi muxtariyyət” xülyasını yerlə-yeksan edib. İndi qarşımızda can çəkən və qaçmağa yer axtaran bir terror qruplaşması var.
Həsəkə düyünü: partlamağa hazir bomba
Yeni hərbi mərhələnin ən qanlı və həssas nöqtəsi Həsəkədir. Əhalisinin mütləq əksəriyyəti ərəb aşirətlərindən ibarət olan bu bölgədə kürd terror qruplaşmalarının mövcudluğu süni bir gərginlik ocağıdır. Həsəkənin demoqrafik kimliyi ilə terror ambisiyaları arasındakı ziddiyyət, yaxın günlərdə bölgənin tamamilə təmizlənməsi üçün böyük bir toqquşmanın qaçılmaz olduğunu göstərir.
Vaşinqtonun qanli seçimi: İran fokusu
Professor Hasan Köniyə görə, ABŞ artıq “Suriya layihəsi”ni ikinci plana atıb. Vaşinqton üçün SDG artıq istifadə müddəti bitmiş bir alətdir. ABŞ-ın strateji prioritetinin tamamilə İrana yönəlməsi, Suriyadakı mövcud gərginliyi sürətlə dondurub, bütün hərbi və kəşfiyyat resurslarını İran xəttinə köçürmək istəyindən xəbər verir.
Türkiyənin strateji üstünlüyü və terrorun sonu
Professor Hasan Ünal vurğulayır ki, PKK/PYD/KCK strukturlarının bu yeni dünyada yaşam şansı sıfıra enib. Türkiyənin milli maraqlara söykənən kəskin və qətiyyətli siyasəti terroru çıxılmaz vəziyyətə salıb. Ankara həm sahədə hərbi gücü ilə, həm də masada diplomatik manevrləri ilə terror dəhlizini darmadağın edib.
Geosiyasi şahmat
İstefada olan admiral Cem Gürdəniz hadisələrə daha geniş – “böyük oyun” pəncərəsindən baxır. Onun fikrincə, Suriyanın parçalanması və zəiflədilməsi birbaşa İsrailin təhlükəsizlik doktrinasına (balkanlaşma) xidmət edir. Şərqi Aralıq dənizindən Qırmızı dənizə qədər uzanan bu nəhəng şahmat taxtasında hər bir gediş İranı mühasirəyə almaq və Türkiyənin regional gücünü məhdudlaşdırmaq məqsədi daşıyır.
Terrorun İrana ixraci və mühasirənin daralmasi
Suriyada küncə sıxışdırılan və ərazi nəzarətini itirən PKK/YPG terrorçularının əsas sığınacaq və yeni fəaliyyət poliqonu kimi İrana yönəldilməsi qlobal planın ən təhlükəli bəndidir. Qərb gücləri Suriyada “vəzifəsini bitirmiş” terror qalıqlarını İranın daxili sabitliyini pozmaq və “kürd kartı” vasitəsilə Tehranı içəridən çökdürmək üçün bu ölkəyə sızdırır. Beləliklə, İran həm xaricdən hərbi-siyasi təzyiq, həm də daxildən terror dalğası ilə üz-üzə qoyulur. Bu proses regional müharibənin alovlanması üçün atılan sonuncu qısa fitildir və bütün geosiyasi oxlar artıq Tehranı hədəf göstərir.
Amir Aqiloğlu












