Müasir qiyamətin ilk 48 saatı: Pentaqonun qanlı Çin ssenarisi AÇIQLANDI
Müasir hərbi doktrinalar göstərir ki, ABŞ və Çin arasında başlaya biləcək mümkün münaqişə bəşər tarixinin ən texnoloji və sürətli dağıntısı ilə başlayacaq.
“National Security Journal”ın ssenarisinə görə, Çin Xalq Azadlıq Ordusu müharibənin ilk 48 saatında minlərlə ballistik və qanadlı raketdən istifadə edərək Sakit okeandakı ABŞ varlığını tamamilə iflic etməyi hədəfləyir. Xüsusilə DF-21D və DF-26 kimi “aviadaşıyıcı qatili” olaraq tanınan raketlər, ABŞ-ın regiondakı əsas bazaları olan Guam və Yaponiyadakı hərbi infrastrukturunu hədəf alaraq, Vaşinqtonun havada üstünlük qurma imkanlarını hələ müharibənin ilk dəqiqələrində sıradan çıxarmağa çalışacaq. Bu kütləvi hücum təkcə fiziki dağıntı deyil, həm də radar şəbəkələrinin və komanda-idarəetmə mərkəzlərinin kor edilməsi strategiyasına söykənir.
Havada çevik müdafiə və ACE Doktrinası
Pentaqon bu nəhəng raket yağışına qarşı Agile Combat Employment (ACE) adlanan çevik döyüş doktrinası ilə cavab verməyi planlaşdırır. Bu strateji yanaşma, F-35 və F-15EX kimi müasir qırıcıların bir neçə iri və hədəf ola biləcak bazada toplanması əvəzinə, regiondakı onlarla kiçik adaya, keçici uçuş zolaqlarına və mülki aeroportlara paylanmasını nəzərdə tutur. REFORPAC 2025 təlimlərində sınaqdan keçirilən bu taktika, Çin raketlərinin hədəf seçimini çətinləşdirir və ABŞ-ın itkilərini minimuma endirərək əks-hücum potensialını qoruyub saxlamasına imkan verir. Beləliklə, müharibənin taleyi kimin daha çox atəş açmasından deyil, kimin bu ilk ağır zərbədən sonra daha sürətli toparlanıb manevr edə bilməsindən asılı olacaq.
Dənizdə raket böhranı və logistik tələ
Dəniz cəbhəsində isə əsas hərbi risk raket ehtiyatlarının sürətlə tükənməsidir. ABŞ esminclərinin istifadə etdiyi Dikey Fırlatma Sistemləri (VLS) yüksək intensivlikli döyüş şəraitində bir neçə gün ərzində boşala bilər. SM-6 və uzaqmənzilli gəmiəleyhinə raketlərin (LRASM) istehsal sürəti ilə sərfiyyatı arasındakı uçurum müharibənin davamlılığını təhlükə altına qoyur. Hazırda ABŞ donanması üçün ən kritik texnologiya, gəmilərin təhlükəsiz limanlara qayıtmadan, açıq dənizdə hərəkət edərkən yenidən raketlə təchiz edilməsi (at-sea reloading) bacarığıdır. Bu logistik üstünlük təmin edilməsə, dünyanın ən güclü donanması belə bir həftəlik döyüşdən sonra sursatsız qala bilər.
Türkiyənin NATO daxilindəki strateji üstünlüyü
Hesabatın ən maraqlı məqamlarından biri Türkiyənin bu qlobal ssenaridəki mövqeyidir. Analizlər göstərir ki, Avropada raket və SİHA (Silahlı Pilotsuz Uçuş Aparatı) müharibəsinə ən hazırlıqlı NATO ölkəsi Türkiyədir. Türkiyənin yerli istehsal olan “Hisar” və “Siper” hava hücumundan müdafiə sistemləri, həmçinin dünyada unikal olan PUA doktrinası və elektron müharibə təcrübəsi onu həm şərqdən, həm də şimaldan gələ biləcək təhdidlərə qarşı keçilməz bir qalaya çevirir.
Quruda Çin keçilməzliyi
Nəticə etibarilə, “National Security Journal” bu müharibənin bir neçə gündə deyil, aylarla davam edəcək bir zəiflətmə kampaniyasına çevriləcəyini proqnozlaşdırır. ABŞ dəniz blokadası və B-21 Raider kimi uzaqmənzilli bombardmançı təyyarələrlə Çinin iqtisadi və hərbi gücünü sarsıtmağa çalışsa da, quruda Çin ordusunu dayandırmağın demək olar ki, qeyri-mümkün olduğu vurğulanır. Çinin nəhəng sənaye istehsalı və daxili logistik xətləri onu öz ərazisində məğlubedilməz edir. İlk 48 saatın qanlı mənzərəsi sadəcə başlanğıcdır; əsl mübarizə texnoloji üstünlüklə sənaye dözümlülüyü arasında gedəcək.

Yenicag.az-a açıqlamasında bu ssenarini dəyərləndirən araşdırmaçı jurnalist Yeşim Eryılmaz qeyd edib ki, ABŞ və Çin arasındakı mümkün toqquşmada qalibi təyin edən amil kimin daha güclü silahı olduğu deyil, kimin “itkilərə qarşı daha dözümlü” olduğu olcaq. Eryılmazın fikrincə, müasir müharibə ssenariləri artıq klassik “qalib və məğlub” anlayışını kənara qoyur:
-
Sənaye Gücü vs Texnologiya: Eryılmaz vurğulayır ki, ABŞ yüksək texnoloji üstünlüyə (B-21, ACE doktrinası) sahib olsa da, Çin nəhəng bir “sənaye fabrikidir”. Müharibənin ilk 48 saatındakı raket yağışından sonra Çinin itirdiyi sursatı bərpa etmə sürəti ABŞ-dan qat-qat yüksək ola bilər. Bu isə müharibəni ABŞ üçün təhlükəli bir tükəndirmə (yıpratma) bataqlığına çevirir.
-
Türkiyənin qorxuducu gücü: Yeşil Eryılmaz vurğulayıb ki, Türkiyə təkcə ordusunun gücü ilə deyil, həm də pilotsuz təyyarələri (PUA) müdafiə sistemlərinə ən yaxşı şəkildə birləşdirən ölkə kimi diqqət çəkir. O, Türkiyənin Ukrayna müharibəsindən böyük təcrübə qazandığını və bu hazırlığı ilə NATO-nun şərqində Çin və müttəfiqləri üçün keçilməz bir sədd yaratdığını dedi.
-
Psixoloji hədd: Ekspertin ən önəmli xəbərdarlığı isə cəmiyyətlərin reaksiyası ilə bağlıdır. İlk 48 saatda yaşanacaq minlərlə itki və qlobal iqtisadiyyatın, internetin, lojistikanın çökməsi hər iki ölkənin daxili siyasi sabitliyini sınağa çəkəcək. Eryılmazın qənaətinə görə, bu müharibə təkcə raketlərlə deyil, həm də xalqların “bu bədəli ödəməyə nə qədər hazır olduğu” ilə qazanılacaq və ya itiriləcək.
Amir Aqiloğlu












