Zelenskiyə "SÜLH TƏLƏSİ": Trampın "Azad İqtisadi Zona" oyunu Ukraynanı parçalayır?
“Ukraynanın gələcək taleyi Ukraynadan deyil, Avropa ölkələrindən asılıdır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib.

Politoloq Rusiya və Ukrayna cəbhəsində hazırkı vəziyyəti şərh edib:
“Rusiya və Ukrayna münaqişəsində əvvəlki vəziyyət olduğu kimi qalır. İki ölkədə də heç bir irəliləyiş yoxdur. Daha öncə Trampın müəyyən sülh təklifləri oldu, daha sonra gündəmə İran düşdüyü üçün bu məsələ bir az arxa plana keçdi. Nəticə olaraq tərəflərin mövqeyində ciddi dəyişiklik olmadığı hiss edilir. Tərəflər bir-birinə raket zərbələri endirməyə davam edirlər. Hazırda müharibə bu fonda davam edir. Güman ki, Trampın Davosda verdiyi açıqlamalar, Zelenski ilə keçirdiyi görüş, eləcə də Trampın müşavirinin Putinlə keçirdiyi görüş göstərir ki, Ukrayna məsələsinin həlli yenidən aktuallaşacaq. Böyük ehtimalla 20 bəndlik plan bir daha masaya qoyulacaq. Prinsip etibarilə Amerika tərəfi Ukraynanın sülh müqaviləsinə razılaşdığı bildirilir amma əsas mübahisə nöqtəsi ərazilər məsələdir. Rusiya Dombası bütövlükdə istəyir və özünün nəzarətində olmayan ərazilərdən isə Ukrayna ordusunun çıxmasını tələb edir. Ukrayna isə bunu əsla qəbul etmir.”
A. Nərimanlı Ukraynanın Trampın müqavilə təklifinə hansı şərtlər altında dirənəcəyini izah edib:
“Trampın bu problemin həlli üçün maraqlı təklifi oldu ki, həmin ərazilərdən Ukrayna ordusu çıxarılsın amma ərazilər Rusiyaya verilməsin. Həmin ərazilərdə azad iqtisadi zona yaradılacaq. Hesab edirəm ki, tərəflər arasında ziddiyyət hələ də qalır. Mövcud vəziyyətə baxdıqda razılaşmanın əldə olunması ehtimalı görünmür. Hesab edirəm ki, Dombasın Ukrayna ordusunun əlində olan hissələrində Amerikanın təklif etdiyi azad iqtisadi zona məsələsi qəbul oluna bilər. Rusiya ən azından həmin ərazilərin Ukraynanın nəzarətindən çıxması şərtini qəbul edə bilər. Ukrayna tərəfi isə yüksək təhlükəsizlik zəmanəti qarşılığında həmin ərazilərdən geri çəkilə bilər. Mövcud vəziyyətə baxdıqda münaqişənin Trampın istədiyi formada həllinin yeganə yolu budur.”
Politoloq qeyd edib ki, bu münaqişənin həllində Avropanın mövqeyi həlledici ola bilər:.
“Bu məsələdə Avropanın dəstəyi önəmlidir. Avropanın Ukraynaya verdiyi hərbi dəstək Tramp və Putinin təzyiqləri qarşısında dirəniş göstərə bilir. Bundan sonrakı dövrdə də avropa ölkələrinin sərgiləyəyəcəyi mövqe Ukraynanın mövqeyinə təsir göstərəcək. Əgər bu ölkələr geri çəkilərsə Ukrayna təklənmiş vəziyyətə düşəcək və ən az zərər hesab etdiyii Trampın planı ilə razılaşmalı olacaq. Əksinə, avropa ölkələri dirəniş göstərərsə Ukrayna da dirənməyə davam edəcək.”
Nurlan Cəfəri












