Rusdillilərlə bağlı dediklərinə görə gündəm olan Azər Həsrət: “Bu parazit sürüsü söylədiklərimi...”
“Bunlar o qədər rəzil və alçaqdırlar ki, özlərindən belə bəhanələr uydurub bizim kimi adamların üzərinə mütləq gəlirlər”.
Yenicag.az xəbər verir ki, bu sözlər son günlər rusdilli kəsimlə bağlı səsləndirdiyi kəskin fikirlərlə gündəmə gələn Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətə məxsusdur.
O, “Barlara gedən qızların əksəriyyəti rusca danışır” fikirlərini ictimaiyyət tərəfindən yanlış anlaşıldığını vurğulayıb:
“Keçən həftə Səidə Bəkirqızının “Youtube” kanalında qonaq oldum. Geniş söhbət etdik. Əsas mövzu da Azərbaycanın dövlət dili ilə bağlı idi. Həmişə bu mövzuya həssas olmuşam. Hələ üstəlik yanvarın 5-də prezident İlham Əliyevin milli televiziya kanallarına verdiyi geniş müsahibədə bu məsələnin üzərində dayanmasını da nəzərə alaraq biz iki həmkar fikirlərimizi paylaşdıq, mövzunun aktuallığına əlavə töhfə verdik. Veriliş boyu dəfələrlə demişəm ki, rus dilinə, ümumiyyətlə, hər hansı dilə qarşı deyiləm. Rus dili öyrənməyi də hətta təqdir edirəm. Amma orada söylədiyim və doğrudan da faydalı fikirlərin heç birini bu parazit sürüsü müzakirəyə çıxarmadı. Ancaq bir fikrimi, özü də yanıldıcı bir şəkildə ortaya atıb şəxsimi neçə gündür təhqir edirlər. Özü də demədiyim sözləri adıma yazıb onun üzərindən təbliğat qurublar”.
A. Həsrətin sözlərinə görə, o, gecə barlarında qızların əksəriyyətinin rusca danışdığını qeyd edib, sadəcə rus dilində təhsil almış şəxslərin barlara getdiyini deməyib:
“Göründüyü kimi, rus məktəbində oxuyanlar bu fikrimi öz üzərlərinə elə onda da, indi də götürdülər. Halbuki mən rus məktəblərində oxuyanların mütləq bara getdiyini demirəm. Sadəcə deyirəm ki, rusca danışırlar orada. İndi bu rusdilli kəsim niyə bunu öz üzərinə götürür? Üstəlik də niyə buna görə özlərini təhqir olunmuş sayırlar? Ümumiyyətlə, burada təhqirin hansı elementi var? Təbii ki, heç bir təhqir yoxdur!” Əməkdar jurnalist bu msəələdən istifadə edərək ona qarşı linç kampaniyasının başladıldığını bildirib: “Bəs onda nədir şəxsimə qarşı bu kampaniya?
Bu sualın cavabı çox sadədir: Azər Həsrətə qarşı kampaniya üçün bəhanə lazım idi! Bəli, bu bəhanə onlara Moskva və Tehran itlərinə hər zaman lazımdır! Mən onlara heç vaxt bəhanə vermədim, vermərəm də! Amma bunlar o qədər rəzil və alçaqdırlar ki, özlərindən belə bəhanələr uydurub bizim kimi adamların üzərinə mütləq gəlirlər. Bizim cəmiyyətin düşünməkdən məhrum olan, parabeyin kəsimi də dərhal onlara qoşulur, işin mahiyyətini belə bilmədən xora qoşulub anti-Azərbaycan fəaliyyətin alətinə çevrilir!
Yenicag.az












