Putinin xaçı, Kuşnerin qırmızı sapı, Modinin muncuğu: Güc sahiblərinin batil inancları

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə Rusiya lideri Vladimir Putin arasında Kremldə baş tutan görüş maraqlı detallarla yadda qalıb.

Yenicag.az xəbər verir ki, qapalı görüşdə Amerika nümayəndə heyətinin üzvləri Cared Kuşner və Ağ Evin müşaviri Coş Qruenbaumun taxdıqları aksesuarlar diqqətdən yayınmayıb.

Jared Kuşnerin Putinlə görüşdə biləyində görünən qırmızı sapı bir daha xatırlatdı ki, uğur, qorunma və “pis enerjidən yayınma” inancı təkcə sadə insanlarda yox, siyasətdə də var. Sadəcə siyasətçilər bunu çox vaxt açıq nümayiş etdirmir, amma diqqətli kameralar bəzən bu cür detalları tutmağı bacarır.

Məsələn, Hindistanın baş naziri Narendra Modi illərdir demək olar ki, bütün rəsmi səfərlərində rudrakşa muncuqlarından hazırlanmış boyunbağı və ya bilək aksesuarları ilə görünür. Bu, Hindistanda həm dini, həm də qoruyucu, uğur gətirən simvol sayılır. Modi bunu gizlətmir əksinə, onun siyasi imicinin bir parçasına çevrilib.

Latın Amerikasında isə bu cür inanclar daha da açıqdır. Məsələn, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro tez-tez biləyində təsbeh və ya dini simvollu bilərziklərlə görünürdü. Onun yaxın çevrəsi bunu şəxsi inancı və “qorunma” hissi ilə izah edirdi.

ABŞ siyasətində bu mövzular adətən daha örtülü saxlanılır, amma yenə də nümunələr var. Jared Kuşnerin qırmızı sapı Kabbala inancında “pis nəzərdən qorunma” rəmzi sayılır və bu, təkcə Hollivudda yox, bəzi siyasi dairələrdə də şəxsi talisman kimi istifadə olunur. Keçmişdə Bill Clintonun cibində daim uğur gətirdiyinə inandığı kiçik xaç gəzdirdiyi, Barack Obamanın isə bəzi vacib çıxış və kampaniyalarda “uğur gətirən” sevimli əşyalarını yanında saxladığı barədə xatirələr danışılıb.

Rusiya siyasi ənənəsində isə bu daha çox dini simvollarla ifadə olunur. Vladimir Putinin tez-tez boynunda pravoslav xaçı ilə görünməsi də təkcə dini yox, eyni zamanda “qorunma” və “uğur” rəmzi kimi qəbul edilir. Oxşar şəkildə, bir çox Şərqi Avropa siyasətçiləri rəsmi geyimin altında dini simvol daşıyırlar.

Türkiyə və region siyasətində də bəzən liderlərin təsbeh, üzük, dini yazılı boyunbağı kimi əşyaları daim üzərində gəzdirdiyi görünür. Bunlar açıq şəkildə “uğur talismanı” adlandırılmasa da, cəmiyyətdə çox vaxt elə bu cür yozulur.

Bir sözlə, siyasət nə qədər rasional və soyuq görünsə də, onu idarə edən insanlar yenə insandır. Böyük qərarlar, riskli addımlar, ağır məsuliyyət… Bütün bunların fonunda bəziləri qırmızı sapdan yapışır, bəzisi muncuğa, bəzisi xaça, bəzisi təsbehə. Rəsmi protokolda bunlar yazılmır, amma kameralar bəzən göstərir ki, dünyanın taleyini həll edən masalarda belə, insanların ürəyində bir az batil inanc, bir az “bəlkə kömək edər” ümidi yaşayır.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa