Bu şəhərdə axşamlar hamı evə çata bilmir…

media-hightechnic-468x90

Bakıda maşın sürmək risklidir. Amma təkcə ona görə yox ki, qaydalar pozulur. Ona görə risklidir ki, bu şəhərdə yoldan yox, dərddən keçən insanlar var.

Bəzən görürsən: bir adam sağa-sola baxmadan yolu keçir. Sanki maşın yoxdur, sanki həyat dayanıb. Hirslənirsən. “Bulvardasan?” deyə qışqırırsan, ancaq eşitmir. Amma sonra düşünürsən: bəlkə o adamın başı yolda yox, dərdindədir.

Bəlkə səhər evdən çıxanda arvadıyla dalaşıb. Bəlkə evdə xəstə uşaq qoyub yola çıxıb. Bəlkə bankın problemli müştərilər departamentindən zəng gözləyir. Bəlkə işdən çıxarılacağını bilir. Bəlkə cibində son pulu var. Bəlkə də artıq heç nəyə ümid etmir.

Biz elə bilirik insanlar yolu görmür. Yox… İnsanlar həyatı görmür.

Bakı təkcə tıxac şəhəri deyil. Bakı beyinləri tıxac olan şəhərdir. Hamı harasa tələsir, amma çoxu hara getdiyini belə bilmir. Hamı bir şeydən qaçır, amma çoxu nədən qaçdığını izah edə bilmir.

O piyadanı düşün… Sənə görə o, qayda pozur. Özünə görə isə bəlkə də həyatla mübarizə aparır. Ya da həyatı belə unudub, sən yol davası edirsən onunla…

Bəzən insanın içində elə səs-küy olur ki, siqnalı eşitmir. Bəzən elə yorğun olur ki, sağa-sola baxmağa taqəti qalmır. Bəzən elə sınıq olur ki, maşın gəlsə də, gəlməsə də… fərq eləmir.

Ən qorxulusu da budur.

Biz bir-birimizin yanından keçirik, amma bir-birimizin içindən keçmirik. Heç kimin içində nə fırtına qopduğunu bilmirik. Sükan arxasında əsəbləşən də, yola çıxan da əslində eyni həyatın müxtəlif tərəflərində əzilən adamlardır.

Bu şəhərdə insanlar yoldan çox taleyin altından keçir.

Ona görə də Bakıda maşın sürmək risklidir. Çünki bu şəhərdə təkcə piyadalar yox, ümidsiz adamlar da yola çıxır. Və bəzən… İnsan artıq yola yox, həyata baxmadan addım atır. Bəzən bir siqnal səsi eşidilir. Bəzən bir tormoz cırıltısı. Bəzən də… heç nə. Bir adam yıxılır. Kimsə “ay aman” deyir. Kimsə telefonu çıxarıb çəkir. Kimsə isə tələsdiyi üçün yoluna davam edir. Və bir neçə dəqiqə sonra asfalt yenə əvvəlki kimidir. Amma bir ev artıq əvvəlki kimi deyil. Bir ananın qapısı artıq döyülməyəcək. Bir uşağın “ata gəlir” sevinci yarımçıq qalacaq. Bir qadının telefonu bir daha heç vaxt cavab verməyəcək. Şəhər yaşayacaq. Tıxac olacaq. Siqnallar yenə çalınacaq. Adamlar yenə tələsəcək. Amma bir adamın həyatı həmin yerdə bitəcək. Və ən dəhşətlisi… O adam bəlkə də sadəcə bir anlıq dərdindən başını qaldıra bilməmişdi.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa