Abdin Fərzəliyev Masazırda baş verənləri görmür, yoxsa görməməzliyə vurur?
Masazırdan ard-arda gələn şikayətlər artıq təsadüf sayıla bilməz.
Yenicag.az xəbər verir ki, Abşeron rayonunun Masazır kəndində sakinlər həm su basqını, həm də qanunsuz tikinti iddiaları ilə bağlı ciddi narahatlıqlarını dilə gətirirlər. Yerli əhali hesab edir ki, bu qədər problemin icra başçısının xəbərsizliyi olmadan baş verməsi inandırıcı deyil.
Məsələn, nyus.az-ın yaydığı görüntülərə əsasən, Masazır kəndi, Paşa Təhməzov küçəsi ərazisində yaxınlıqda yerləşən gölün qanunsuz şəkildə doldurulduğu iddia olunur. Sakinlərin sözlərinə görə, bu işlər əsasən maklerlər tərəfindən aparılır. Nəticədə gölün təbii axını pozulub və ətrafdakı evlər mütəmadi olaraq su altında qalır. İnsanlar evlərindən çıxmaqda çətinlik çəkdiklərini, ərazidə isə ağır anti-sanitar vəziyyət yarandığını bildirirlər. Üfunət, bataqlıq və çirkab suları gündəlik həyatın bir hissəsinə çevrilib.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət ediblər. Lakin bu müraciətlər ya cavabsız qalıb, ya da real nəticə verməyib. İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən mövqey öyrənmək mümkün olmayıb. Masazır Bələdiyyəsi isə problemi son vaxtlar intensiv yağan yağışlarla əlaqələndirərək göldə hər hansı doldurulma işinin aparılmadığını iddia edib. Bildirilib ki, həyətlərə dolan sular motorlar vasitəsilə kanalizasiya xətlərinə vurulur. Ancaq sakinlər bu izahı inandırıcı saymır və problemin əsas səbəbinin süni müdaxilələr olduğunu deyirlər.
Digər bir ciddi iddia isə Masazırda qanunsuz tikinti ilə bağlıdır. Bizimesr.az-ın yazdığına görə, “Soliton Masazır” mağazasının arxa küçəsində heç bir rəsmi icazə olmadan tikinti işləri aparılır. Onsuz da keçilməz vəziyyətdə olan küçə ağır texnikaların fəaliyyəti nəticəsində tamamilə bağlanıb. Sakinlər nə təcili yardımın, nə də digər xidmətlərin rahat şəkildə əraziyə daxil ola bildiyini bildirirlər.
Ən çox sual doğuran məqam isə budur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarından rəsmi icazə alınmadan bu tikintilərə kim və necə şərait yaradıb. Yerli əhali hesab edir ki, bu cür tikintilərin icra hakimiyyətinin bilgisi olmadan aparılması mümkün deyil.
Masazır sakinləri açıq şəkildə bildirirlər ki, bu vəziyyətə görə əsas məsuliyyət Abşeron Rayon İcra Hakimiyyətinin üzərinə düşür. Onların iddiasına görə, icra başçısı Abdin Fərzəliyev Masazırda yaranmış bu acınacaqlı mənzərədən xəbərsiz ola bilməz. Su basqınları, göl ətrafında aparıldığı deyilən qanunsuz doldurma işləri, icazəsiz tikintilər və illərlə nəzarətsiz qalan küçələr Masazırın plansız və nəzarətsiz şəkildə “inkişaf” etdiyini göstərir.
Qeyd edək ki, Abşeron rayonunda qanunsuz tikinti və infrastruktur problemləri ilk dəfə yaşanmır. Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Masazır sakinləri isə real tədbirlər görülənə qədər şikayətlərini davam etdirəcəklərini deyirlər.
Camal Cavanşir












