Bakıda sürücü marşrut avtobusunu yüksək sürətlə və qapısı açıq idarə edib. Digər bir sürücü isə içərisi sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olub.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, iddia edilir ki, qapısı açıq şəkildə idarəolunan nəqliyyat vasitəsi Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Qobu istiqamətində hərəkət edən 567 nömrəli marşrut avtobusudur. Sərnişinlərin dediyinə görə, dəfələrlə xəbərdarlıq etsələr də, sürücü buna məhəl qoymayıb. Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olan isə “20 Yanvar” – Lökbatan dairəsi istiqamətində hərəkət edən 193 saylı marşrut avtobusdur.
567 nömrəli marşrut xətti üzrə daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev açıqlamasında yayılmış görüntünün araşdırıldığını bildirdi.
193 saylı marşrut xəttinin məsul şəxsi isə sürücü barəsində qanunauyğun şəkildə tədbirlər görüləcəyini dedi. Onun sözlərinə görə, bununla bağlı marşrut xətti üzrə fəaliyyət göstərən digər sürücülərə də bir daha bu halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) isə bildirilib ki, məsələ ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olaraq onların həyatını təhlükəyə atan sürücü barəsində də tədbirlər görüləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, daxil olan şikayətlərlə əlaqədar hər iki daşıyıcı şirkətə məsələni araşdırmaq və tədbirlər görmək barədə tapşırıqlar verilib.
Ətraflı süjetdə:
www.yenicag.az