S.Vurğun küçəsində mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkar edilmişdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq bu istiqamətdə reydlər təşkil edir.
Aparılan tədbirlər çərçivəsində 15 yanvar 2016-cı il tarixində gecə saat 3-4 iradələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirmişdir.
Reyd zamanı S.Vurğun küçəsində Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi “Daevo sentral” 10 PV 475 dövlət nömrə nişanlı maşın saxlanılmışdır.
Maşına baxış keçirilən zaman Bakı şəhərinə satış üçün gətirilən sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilmişdir. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) gətirilmişdir.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
www.yenicag.az