Bakıda iki gün əvvəl metronun “20 yanvar” stansiyasında tapılan 10 yaşlı uşağın taleyinə aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Məlum olub ki, fiziki və əqli qusurlu olan 10 yaşlı İlkinə anası və ögey atası tərəfindən biganə münasibət bəslənilib.
Kəmalə xanımın sözlərinə görə, uşağın tez-tez evdən qaçmasına da səbəb məhz bu olub:
“İlkini polis əməkdaşları Bakı metrosunun “20 yanvar” stansiyasında tapıblar. Uşağın anası da gedib, orada izahat yazıb. Bir az öncə uşağın sənədləri təqdim olundu. İlkini reabilitasiya məqsədi ilə “Müşfiq” Reabilitasiya Mərkəzinə göndərdik. Çünki uşağın əqli və fiziki qüsuru var. Onunla uzun müddət məşğul olmaq lazımdır. Bir daha təsdiqlənir ki, körpəyə qarşı böyük diqqətsizlik olub. Təbii ki, anası bunu inkar edir. Araşdırmalar onu da göstərir ki, balacaya qarşı şiddət olub. İlkinin anası ərindən boşanıb. Uşaq tez-tez evdən qaçıb. Səbəb isə ona qarşı diqqətsizlikdir. Qüsurlu olanda nə olar ki, kollektivdən ayrı qalmalıdır? Öz atası da maraqlanmayıb. Anası deyir ki, ögey atasının onunla işi yoxdur. Uşağın dediklərindən isə məlum olur ki, o, evdən ögey atası tərəfindən qovulub”.