Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-dən Yenicag.az-a verilən məlumata görə, fevralın 5-də Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Nərimanov və Nizami Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Həmin mağaza və köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilmiş və hər biri 100 manat məbləğində cərimə olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.yenicag.az