Bakıdan beynəlxalq dairələrə SÜLH CAVABI: "Bizi yolumuzdan döndərə bilməzsiniz"
“İki dövlətin rəsmilərinin müxtəlif sahələr üzrə bir araya gəlməsi, görüşlər keçirməsi, eyni zamanda daha yüksək səviyyədə təmasların olması həmin qüvvələrə bir cavabdır”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etməsi, beynəlxalq müdaxilələrə etiraz və ikitərəfli təmasların genişlənməsi barədə fikirlərini səsləndirib. Deputat bildirib ki, zaman-zaman əsassız iddialarla rastlaşırıq:
“Ermənistan özü belə tələb etmədiyi halda, onun havadarları nədənsə bir ovuc cinayətkara azadlıq verilməsini istəyir. Onları fərqli şəkildə təqdim etməyə çalışırlar. Bu, təbii ki, bizdə təəssüf hissi doğurur. Lakin bizi yolumuzdan döndərmir. Sadəcə olaraq beynəlxalq birlikdə bu cür təsəvvürlərin formalaşdırılması və həmin təxəyyülə əsaslanan addımların atılması bizdə məyusluq yaradır”.
Sevil Mikayılova vurğulayıb ki, kənar müdaxilələrə ən yaxşı cavab birbaşa təmaslardır:
“Bütün bunların fonunda artıq iki dövlətin rəsmilərinin müxtəlif sahələr üzrə bir araya gəlməsi, görüşlər keçirməsi, eyni zamanda daha yüksək səviyyədə təmasların olması həmin qüvvələrə bir cavabdır. Bu, “Biz sülh prosesini irəli aparırıq, amma siz bizi sülhdən yayındırmağa çalışırsınız” cavabıdır”.
Nəsimi Ələsgərli













