Bakıdan Saakaşvilinin 700 milyonluq layihə ilə bağlı iddiasına reaksiya
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırması enerji bazarında konyukturanın dəyişməsi, uzunmüddətli qaz təminatı və digər məsələlərlə bağlıdır.
Yenicag.az xəbər verir ki, bunu “Trend”ə SOCAR-ın İnvestisiyalar idarəsinin rəhbəri Vaqif Əliyev deyib.
Onun sözlərinə görə, SOCAR tam məsuliyyəti ilə bəyan edir ki, bu qərarın qəbul edilməsinə heç bir subyektiv və digər faktorlar təsir etməyib: “Son günlər mətbuatda və sosial şəbəkələrdə layihənin dayandırılması haqqında əsassız, həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır”.
V.Əliyev qeyd edib ki, bu layihə üzərində xeyli müddət ciddi iş aparılıb, lakin göstərilən məsələlər yaranandan sonra layihəyə yenidən baxılıb və onun dayandırılması barədə qərar qəbul edilib.
Virtualaz.org saytı xatırladır ki, V.Əliyevin “əsassız, həqiqətə uyğun olmayan” kimi qiymətləndirdiyi fikirləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dilə gətirmişdi.
Sabiq prezident öz facebook səhifəsində bu məsələyə belə aydınlıq gətirmişdi: “Gürcüstan hökuməti ilkin layihə dəyəri 700 milyon avro olan karbamid zavodunun tikintisinin dayandırılması barədə qərar verib. Azərbaycanla bu zavodun tikintisinə dair danışıqları mənim hökumətim aparıb. Bu layihə Poti şəhərindən ötrü əsl xilaskar rolunu oynamalı idi”.
M.Saakaşvilinin sözlərinə görə, SOCAR bu qədər böyük ölçüdə investisiya qoymağa ona görə razılaşmışdı ki, Gürcüstanda heç kim Azərbaycanın Dövlət Neft Şirkətindən nə rüşvət istəməmiş, nə də “otkat” tələb etməmişdi.
“Karbamid zavodunun açılması on minlərlə yeni iş yeri demək idi. Lakin belə görünür ki, bu məsələ Gürcüstanın indiki rəhbərliyini əsla maraqlandırmır. Bu layihənin icrasının dayandırılmasının səbəbi var. Səbəb də odur ki, Gürcüstanın Energetika Nazirliyi SOCAR-dan zavodun səhm-nəzarət paketinin ona verilməsini tələb edir. Gürcüstanın indiki rəhbərliyi isə indi riyakarcasına bəyan edir ki, o, bu zavodun tikintisinin davam etdirilməsində guya maraqlıdır. Belə deyil. Bu açıqlamanı sadə dilə çevirəndə bu nəticə alınır: Gürcüstan hökuməti öz beynəlxalq öhdəlikləri barədə düşünür, yeni iş yerləri açmaqda isə maraqlı deyil. Onları yalnız öz şəxsi qazancları düşündürür” – deyə M.Saakaşvili yazmışdı.
Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze SOCAR tərəfindən Gürcüstanda inşa edilən karbamid zavodunun tikintisinin dayandırılmasını “layihənin maliyyə baxımından əlverişli olmaması” ilə izah etmişdi.