“Baku-2015” Misir televiziyasında belə işıqlandırıldı
Misirin “Əl-Gad Əl-Ərəbi” kanalı (Londondan yayılan) “Bakı-2015” İlk Avropa Oyunları ilə bağlı veriliş yayımlayıb.
Yenicag.az xəbər verir ki, proqramın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı-2015” I Avropa Oyunlarının məşəlini alovlandırmasını əks etdirən video kadrlar göstərilib.
Verilişin aparıcısı Məhəmməd Abdullah I Avropa Oyunları barədə proqramın qonağı idman üzrə ekspert və tənqidçi Əhməd Sibai ilə müzakirə apararaq, sözügedən Oyunların Bakıda keçirilməsinin əhəmiyyətinə toxunub.
I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinin səbəblərinə toxunan M. Abdullah Azərbaycanın neft və qaz ölkəsi olduğunu və iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb, 50 Avropa ölkəsinin həmin yarışlarda iştirak etdiyini qeyd edib, 65 min azərkeş üçün nəzərdə tutulan Milli Olimpiya stadionu barədə məlumat verib.
Daha sonra idman üzrə ekspert və tənqidçi Ə.Sibai Azərbaycan haqqında ümumi məlumat verərək, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb, bundan başqa erməni terror təşkilatının Bakıda keçirilən I Avropa Oyunlarını hədələməsi ilə bağlı verdiyi bəyanatlara toxunub.
Veriliş əsnasında I Avropa Oyunları barədə göstərilən kadrlarda 2012-ci ildə Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul etməsi bildirilərək, 17 gün davam edəcək Oyunlarda 50 Avropa ölkəsindən 6 min idmançının iştirak etməsi, 20 idman növü üzrə 253 qızıl medal uğrunda mübarizənin aparılması və sözügedən tədbirin simvolunun nar seçilməsi qeyd edilib.
Ə.Sibai Avropa Oyunlarının rəmzinin nar seçilməsi ilə bağlı münasibət bildirərək, narın Azərbaycanın milli meyvəsi sayıldığını, hətta Azərbaycan ədəbiyyatında narla bağlı şerlərin olduğunu qeyd edib.
Bundan başqa, ekspert Ə.Sibai Prezident İlham Əliyevin eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olduğunu və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri seçildiyini bildirərək, bunun Azərbaycanda idmana göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
Həmçinin, Ə.Sibai Azərbaycanda yaradılan idman infrastrukturunun bu ölkəyə Avropa Oyunları kimi böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verdiyini xüsusilə qeyd edib.
Aparıcı M.Abdullah belə bir möhtəşəm oyunların ərəb dünyasında keçirlməsi məsələsinə toxunaraq, Azərbaycanda keçirilən I Avropa Oyunlarının təcrübəsindən nə cür faydalanmaqdan söz açıb.
Öz tərəfindən, Ə.Sibai belə tədbirlərdə ilk öncə təşkilatçılığın yüksəs səviyyədə olmasını əsas gətirib, Azərbaycanda həmin tədbirə ölkə başçısı səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Ekspert həmçinin, 2016-ci ildə “Formula 1” yarışının, 2017-ci ildə İslam həmrəyliyi oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunun Bakıda keçiriləcəyi barədə tamaşaçılara məlumat verib.
Bununla, Azərbaycanın özünü digər sahələrdə olduğu kimi idman sahəsində də potensial imkanlara malik olduğunu qeyd edən Ə.Sibai belə bir möhtəşəm tədbirin təşkil olunması üçün 7 il müddətə ehtiyac olunduğu bir halda Azərbaycanın təşkilatçılıq imkanlarının güclü olduğuna görə həmin tədbirə 2 il vaxt səfr etdiyini diqqətə çatdırıb. Ekspert Azərbaycanın bununla, həm də dünyaya siyasi mesaj verərək, inkişaf edən ölkə olduğunu, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.
M. Abdullah “Bakı-2015” İlk Avropa Oyunları ilə bağlı proqramın bundan əvvəl qonağı olmuş Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevə istinad edərək, səfirin Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsinin əsas məqsədinin Azərbaycanın iqtisadiyyatla yanaşı, digər sahələrdə, o cümlədən idman sahəsində də geniş imkanlara malik olduğunu, digər tərəfdən idman sahəsinin ölkəni tanıtmaqla bərabər turizmin inkişafı ilə də birbaşa əlaqə olduğunu qeyd etməsini xatırladıb.
Daha sonra Bakı Olimpiya stadionun açılışı zamanı göstərilən səhnələrə toxunularaq, açılışın yüksəs səviyyədə keçirildiyi vurğulanıb, I Avropa Oyunlarını tanıtdıran reklam çərxlərinin yüksək qrafikli çəkilişi barədə danışılaraq, Azərbaycanın eyni zamanda investisiya qoyulan ölkə olaraq, nümayiş etdirildiyi bildirilib.
“Bakı-2015” I Avropa Oyunlarında iştirakla bağlı biletlərin əksəriyyətinin satıldığı, mehmanaxanalarda yerlərin dolduğu, Avropa Oyunlarının birbaşa olaraq, dünya kanalları, həmçinin Ərəb Dövlətləri Liqasının Tele-Radiosu vasitəsilə yayımlandığı qeyd olunub.
Sözügedən proqramın verilişi “Bakı-2015” I Avropa Oyunlarını əks etdirən xeyli sayda görüntülərlə müşayiət olunub.