İranın dondurulmuş aktivləri sərbəst buraxılır, yoxsa onlarla ABŞ-yə yatırım edilir? - ŞƏRH
“İranın dondurulmuş aktivlərindən hər iki tərəf qazanclı çıxmış olacaq”.
Bu fikirləri İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və onların xərclənməsi istiqamətində danışan politoloq Həşim Səhrablı Yenicag.az-a açıqlamasında səsləndirib. 
O bildirib ki, İranın xaricdə dondurulmuş aktivləri, əslində, həm Tehran, həm də aktivləri donduran tərəf üçün istifadəsi qeyri-mümkün olan, amma potensial yatırım, yenidənqurma kimi sahələrdə istifadə edilə biləcək kifayət qədər ciddi məbləğdir:
“Ona görə də indi mümkündür ki, həm ABŞ, həm də İran ikitərəfli razılaşma ilə məbləğin bir hissəsinin azad olunmasına nail ola bilərlər. İran tərəfi fikirləşir ki, bu pullara həbs qoyulub və istifadəsinə faktiki izn verilmir. Əllərində olan ciddi imkanı itirmiş sayılırlar. De-yure sahibi İran olsa da, de-fakto pula çıxışı olmadığı üçün istifadə edə bilmir. ABŞ isə dərk edir ki, nəzarəti əllərində saxlasa da, o məbləği özlərinə xərcləməyə hüquqları çatmır. Ona görə də, ola bilər, razılaşmanın sonrakı mərhələsində bu versiyanı ciddi qarşılasınlar. Bu razılaşma əldə olunarsa, ABŞ nə İranın regionun digər ölkələrlə ticarətini kəsmiş sayılacaq, nə də onları özlərindən asılı vəziyyətə salmış olacaq. Həmin məbləğ sırf ABŞ şirkətləri ilə istifadə olunacaq ki, bu ticarətdən hər iki tərəf qazanclı çıxacaq. İranın qazancı odur ki, istifadə edə bilmədiyi valyutadan iqtisadi problemləri aradan qaldıra biləcək, ABŞ isə dondurulmuş milyardlarla pulla ABŞ iqtisadiyyatına dolayısı ilə yeni vəsaitin daxil olmasına səbəb olacaq”.
Sonda H. Səhrablı qeyd edib ki, ABŞ və İran arasındakı yaşanılan ciddi böhranları yoluna qoymaq bir neçə saatın, bir neçə günün işi deyil, buna uzun müddət lazımdır.
Nurlan Cəfəri













