“Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi ölkəyə pul axınını artırıb”.
Bu sözləri əhalinin banklardakı əmanətlərinin məbləğinin il ərzində 29,4 faiz artmasını şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, vətəndaşların banklara olan etibarının tədricən bərpa olması əmanət qoyuluşuna təsirsiz ötüşməyib:
“Banklarda əmanət qoyuluşunun artmasının bir neçə səbəbi var. Əsas səbəb 2014-2015-ci illərdə olan devalvasiyadan sonra banklara olan inamın nisbətən artmasıdır. Digər səbəblər isə ölkə sərhədlərinin bağlı olması, ölkədən kənara çıxarılan vəsaitlərin və valyuta axınlarının məhdudlaşdırılmasıdır. Eyni zamanda inflyasiyanın davam etməsi pul kütləsinin müəyyən mənada artımına səbəb olub. Əməkhaqqılarının artması da müəyyən faizlə yığımların artımına yol açıb. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi ölkəyə pul axınını artırıb. Ötən illə müqayisədə bu ilin əvvəlindən etibarən Rusiyadan ölkəyə daxil olan pulun həcmi 450 faizdən çox artıb. Bu vəsaitin böyük bir qismi əmanət olaraq banklara yatırılıb”.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, əmanətlərinin məbləği 2022-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 11500,0 milyon manat təşkil edib. Əmanətlərin 61,4 faizi milli, 38,6 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,0 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 15,5 faiz artıb.
Gülşən Şərif
www.yenicag.az