Braziliyada keçirilən dünya çempionatında Uruqvay millisinə 1-0 hesabı ilə məğlub olaraq turnirə vida edən İtaliyan Futbol Federasiyasının rəhbəri Giancarlo Abete və milli komandanın baş məşqçisi Cesare Prandelli vəzifələrindən istefa verib.
İtaliya mediası “göy-mavililər”in yeni baş məşqçisinin bu yaxınlarda Türkiyənin “Qalatasaray” klubundan öz istəyi ilə ayrılan Roberto Mançininin olacağını istisna etməyib.
Qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında istefasını bəyan edən Prandelli deyib: “Taktika anlayışımız işə yaramadı və bütün məsuliyyəti üzərimə götürürəm. Bu şəraitdə istefam qaçılmaz oldu”.
İtaliya Futbol Federasiyasının rəhbəri Abete isə ölkəsinin dünya kubokundan kənarda qalmasının ardından istefasını açıqlayarkən deyib ki, 7 illik vəzifəsini buraxmağa turnirin əvvəlində qərar veribmiş. Abete vəzifəyə gələcək federasiyanın yeni başçısının Prandellini istefa qərarından imtina etdirə biləcəyinə ümid etdiyini vurğulayıb.
Dünya çempionatında D qrupunda mübarizə aparan “göy-mavililər” turnirə İngiltərəni 2-1 məğlub edərək başlamışdılar. Ardından isə Kosta Rika və Uruqvaya 1:0 hesabları ilə məğlub olub. Prandelli rəhbərliyində 3 bal yığan İtaliya qrupu üçüncü sırada başa vuraraq dünya çempionatı ilə vidalaşıb.
Prandellinin istefasından sonra ilk gündəmə gələn namizəd Mançinidir. Onun “Qalatasaray”dan da məhz bu səbəbdən ayrıldığı istisna olunmur. Mançini olmazsa İtaliyada baş məşqçi yerinə digər namizədlər arasında Spalletti ilə vaxtilə “Milan” və “İnter” klublarının baş məşqçisi işləyən Alleqrinin adları çəkilir.