Avropa İttifaqı Türkiyə ilə viza rejimini sadələşdirməyi planlaşdırır
Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üzərində işləyir.
Yenicag.az oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu mövzu Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallasın, genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kosun və daxili işlər və miqrasiya üzrə Avropa komissarı Maqnus Brunnerin Ankaraya səfəri zamanı müzakirə olunub.
Avropalı nümayəndələr Ankarada Türkiyənin Xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıblar.
Xatırladaq ki, bir müddət öncə Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Brüssellə əlaqələrin “ikili standartlar olmadan, obyektiv meyarlar və xidmətlər müstəvisində” inkişaf etdirilməsini arzuladığını bildirmişdi. Hakan Fidan həmçinin, Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyün ölkəsi üçün dəyişməz “strateji hədəf” olduğunu xüsusi vurğulamışdı.
Hazırda Avropa İttifaqına üzvlük üçün doqquz dövlət namizəd qismində çıxış edir: Türkiyə, Serbiya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Moldova, Ukrayna və Gürcüstan. Hər bir ölkənin inteqrasiya yolunda müəyyən maneələri olsa da, bu proses ən çox Türkiyə üçün uzanıb. Rəsmi Ankara qurumla Assosiasiya Sazişinə 1963-cü ildə imza atıb, 1987-ci ildə rəsmi müraciət edib və 1999-cu ildə namizədlik statusuna yiyələnib. 2005-ci ildən etibarən üzvlük müzakirələrinə başlanılsa da, proses bəzi üzv dövlətlərin etirazları ilə qarşılaşıb. Konkret olaraq, Almaniya və Fransa ordunun dövlət idarəçiliyindəki rolu və söz azadlığı kimi fundamental dəyərlərlə bağlı iradlar irəli sürərək Türkiyənin təşkilata qəbuluna qarşı çıxırlar. Bununla yanaşı, Türkiyə ilə Aİ üzvü olan Kipr arasındakı ərazi anlaşmazlığı da öz həllini tapmayıb. Bütün bu amillər səbəbindən üzvlük danışıqları praktiki olaraq donmuş vəziyyətdədir və yaxın gələcəkdə yekunlaşacağı gözlənilmir.













