“Bayer Leverkuzen”in “Atalanta”ya qarşı oynaya bilməməsinin səbəbi komandanın pis oynaması deyil, İtalyan klubunun möhtəşəm pressinq etməsi idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Avropa Liqasında finalında qarşılaşan “Atalanta” “Bayer Leverkuzen” oyunu haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.
O qeyd edib ki, dünən axşam futbol azarkeşləri möhtəşəm bir oyunun şahidi oldu.
“Qeyd etmək lazımdır ki, hər iki komanda finala layiq oyun nümayiş etdirdilər. Oyun çox gərgin məcrada keçdi. Sözün düzü, “Atalanta”nın bu qədər aqressiv oynayacağını düşünməzdim. Lakin inanılmaz dərəcədə aqressiv oyun nümayiş etdirdi. “Bayer Leverkuzen”in hər hansı “Atalanta” futbolçusunu keçə bildiyini görə bilmədim. Oyunda bu, nadir hallarda baş verirdi. Əslində, alman klubunun oyun fəlsəfəsi say çoxluğu yaradaraq, hücumlarının təşkili idi ki, onlar bunu bütün komandalara qarşı etməyə çalışırdılar və bunu bəhrəsini də görürdülər. Lakin “Atalanta”ya qarşı ümumiyyətlə bunu alındıra bilmədilər”, – deyə o bildirib.
A.Kərimovun sözlərinə görə, “Bayer Leverkuzen”in “Atalantaya qarşı oynaya bilməməsinin səbəbi komandanın pis oynaması deyil, əslində, İtalyan klubunun möhtəşəm pressinq etməsi idi:
“Atalanta” daha effektiv hücümlar qurur, daha iti qol imkanları yaradırdılar. Lakin bu, “Bayer”in zəif komanda olması deyil, “Atalanta”nın müdafiə baxımından həddən artıq ideal oynamasını qeyd etmək mümkündür. Şəxsən, mən bu turnirdə “Bayer”in çempion olmasını istəyirdim. Ona görə ki, ən azından “Qarabağ” olaraq, çempiona məğlub olmuşuq, deyə bilərdik. Hesab edirəm ki, Qurban Qurbanov və onun bütün texniki heyəti də “Bayer Leverkuzen”in qalib olmasını istəyərdi. Fikrimcə, onların hər birindən soruşsaq, onlar bunu təsdiqləyərdilər”.
İsmayıl Bakuvi
www.yenicag.az