BƏƏ-nin Yəmən planı ÇÖKDÜ: Separatçı Şura dağıldı, rəhbəri qaçdı
Yəməndəki separatçı “Cənub Keçid Şurası” (CKŞ) fəaliyyətinə son qoyduğunu və özünü ləğv etdiyini elan edib. Bu addım Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bölgədəki hərbi-siyasi planlarının iflası kimi qiymətləndirilir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yəmənin separatçı strukturlarından olan Cənub Keçid Şurası, Ər-Riyadda keçiriləcək genişmiqyaslı “Cənub Dialoqu” konfransı öncəsi gözlənilməz qərar verib.
Şuranın yaydığı rəsmi bəyanatda bütün ana və yan qurumların ləğv edildiyi bildirilir. Bu qərarın Səudiyyə Ərəbistanının moderatorluğu ilə keçiriləcək sülh danışıqlarına zəmin hazırlamaq məqsədi daşıdığı qeyd olunur.
Şura rəhbərliyi indiyədək qarşıya qoyulan strateji hədəflərə nail ola bilmədiklərini etiraf edib. Xüsusilə Hadramut və Əl-Mahra bölgələrində həyata keçirilən uğursuz hərbi əməliyyatların “cənub davası”na ciddi zərbə vurduğu vurğulanıb. Bildirilib ki, həmin əməliyyatlar Şuranın rəsmi qərarı olmadan reallaşdırılıb.
Şuranın özünü ləğv etməsi xəbərindən bir gün əvvəl isə qurumun sədri Aydarus əz-Zübeydinin ölkəni tərk etdiyi məlum olub. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının yaydığı məlumata görə, Zübeydi yanvarın 7-də gizli yollarla Aden limanından qaçıb.
Məlumata görə, Zübeydini aparan təyyarə radarlara düşməmək üçün Oman körfəzi üzərində identifikasiya sistemini söndürərək Əbu-Dabidəki hərbi hava limanına eniş edib.
Şura rəhbərliyi cənublu siyasi fiqurları və nüfuzlu şəxsləri Riyaddakı dialoq prosesində fəal iştirak etməyə çağırıb. Ekspertlər hesab edir ki, bu qərar Yəmənin cənubunda BƏƏ-nin təsirinin minimuma enməsi və Səudiyyə Ərəbistanının regiondakı dominantlığının bərpası deməkdir.
Məsimə Məmmədova












