“İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatı aparılmadığından bələdiyyələr formalaşmayıb”.
Bunu sabah – yanvarın 29-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərinə ciddi hazırılıq görülüb:
“2024-cü ildə Azərbaycanda iki seçki keçirildi və üçüncü seçkinin keçirliməsi üçün qərar verildi. Ötən il keçirilən prezident və parlament seçkiləri həm də Azərbaycanın müstəqillik tarixində bütün ərazilərində keçirilən seçki kimi ilkə imza ataraq tarixə düşdü. Çünki müstəqilliyimizin 30 ilində torpaqlarımızın 20 faiz hissəsi erməni işğalı altında idi. Bu səbəbdən həmin ərazilərdə dairə yaradaraq seçki keçirə bilmirdik.
Eyni zamanda, həmin ərazilərin seçicilərinin bütün respublika üzrə məskunlaşması onların seçkilərdə iştirakını çətin məsələyə çevirmişdi. İndi isə işğaldan azad olunmuş ərazilər yenidən qurulub və bərpa olunub. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır, seçimlərini də orada edirlər. Bələdiyyə seçkiləri isə işğaldan azad olunmuş ərazilərdə hələ ki keçirilmir. Çünki işğaldan azad olunmuş ərazilərdə torpaq islahatı aparılmadığından bələdiyyələr formalaşmayıb.
Bələdiyyə seçkilərinə ciddi hazırılıq görülüb. Namizədlərin qeydiyyata alınması və özlərini təbliğ etməsi üçün demokratik şərait yaradılıb. Sabah isə xalqımız seçkidə özlərinin bələdiyyələrini seçəcək. Üç seçki prosesinin ard-arda olması məhz prezident İlham Əliyevin rəhbərliyi altında yaranan siyasi sabitliyin uğuru və insanların öz seçimlərini şəffaf şəkildə etməsi üçün yaradılan şəraitlə bağlıdır. Çünki seçkilər keçirilən qonşu ölkələrdə siyasi mənzərə heç də ürək açan deyil. Azərbaycan isə hamısından fərqli olaraq, sabitlik adasıdır. Həmçinin siyasi prosesləri demokratik şəkildə, sabitlik içində apara bilir. Bu həm də ölkəmizin böyük siyasi uğurudur”.
Nəsimi Ələsgərli
www.yenicag.az