“Bələdiyyələr öz vəzifələrini uğurla həyata keçirirlərsə, onlara əlavə səlahiyyətlərin verilməsi zərurətə çevirə bilər”.
Bu fikirləri Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı problemlərə toxunan Milli Məclisin deputatı Tahir Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, qanunvericiliyə əsasən, bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində bilavasitə yaxından iştirak etməli, vətəndaşlara dəstək olmalı və onların qanunları pozmayan tələb-arzularının həyata keçirilməsinə çalışmalıdırlar:
“Yeni dövr qarşıya yeni vəzifələr qoyur və bu cəmiyyət həyatının bütün sahələrinə aiddir. Yeni çağırışların nəzərə alınması bələdiyyələrin fəaliyyətində də bu özünü göstərməlidir. Bu gün Azərbaycan bələdiyyələrinin səlahiyyətləri kifayət qədərdir. Əgər bələdiyyələr öz vəzifələrini uğurla həyata keçirirlərsə, onlara əlavə səlahiyyətlərin verilməsi zərurətə çevirə bilər.
Ancaq hazırda bələdiyyələr onlara verilmiş səlahiyyətlərdən tam yararlanmağa qadir deyil. Bu fikri əksər bələdiyyələrin fəaliyyətinə şamil etmək mümkündür. Çünki qanunvericiliyə əsasən, bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində bilavasitə yaxından iştirak etməli, vətəndaşlara dəstək olmalı və onların qanunları pozmayan tələb-arzularının həyata keçirilməsinə çalışmalıdırlar.
Lakin əksər bələdiyyələrin fəaliyyətində bunu hələ də müşahidə edə bilmirik. Ona görə də bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi onlara yük ola bilər və bu halda müəyyən problemlər yaranar. Düşünürəm ki, bələdiyyələrin onlara verilmiş səlahiyyətlərdən maksimum yararlandıqdan sonra yeni səlahiyyətlər haqqında fikirləşmələri daha doğru olar.
Hazırda bələdiyyələrin kifayət qədər maliyyəsi, kadır bazası, texnikası və digər vasitələri olmadığı üçün onların əlavə səlahiyyətlər çərçivəsində həmin vəzifələri yerinə yetirmələri imkan xaricindədir. Buna görə də bələdiyyələrin işinin təkmilləşdirilməsi, müəyyən xırda bələdiyyələrin birləşdirilməsi və ya ixtisar olunması, bələdiyyələrin maliyyə əsaslarının möhkəmləndirilməsi günün tələbidir. Bələdiyyələr bu istiqamətdə öz işlərini yenidən qurmağı bacarmalıdır”.
Nuray Məmmədzadə
www.yenicag.az