!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda carı ili birinci rübünə yekun vurulub – Fotolar

!Reklam – Yazi

1(222)13 aprel 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.

Tədbir iştirakçıları əvvəlcə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbiçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev son günlər erməni təxribatı nəticəsində qoşunların təmas xəttində baş verən qanlı hadisələrdən danışaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri bir daha iştirakçıların diqqətinə çatdıraraq qeyd etdi ki: “Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi.”
M.Quliyev bildirdi ki, bu gün fərəh və qürur hissi ilə qeyd edirik ki, Vətən, müqəddəs torpaq sevgisi il yaşayan həmyerlilərimiz Novruzov Fərahim Nadir oğlu, Dəmirli Hüseyn Zeynal oğlu və Məmmədov Murad Vaqif oğlu da döyüş meydanında düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəldilər.

Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən birinci rüb ərzində rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev iqtisadi inkişafın daha sürətlə aparılmasını, regionlarda sənaye zonalarının yaradılması və bu işlərdə yerli icra orqanlarının daha da fəal işləməsini xüsusi vurğulamışdır.

Rayonumuzda da yeni sənaye məhəlləsinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə emal sexlərinin, zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən Biləsuvar rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq sərəncamla 30 nəfərdən ibarət xüsusi qərargah yaradılmış, operativliyi təmin etmək məqsədilə qaynar xətt xidməti təşkil edilmişdir.

Rayon İcra Hakimiyyəti olaraq biz də hər bir sahibkarın, torpaq mülkiyyətçisinin yanında olmaqla xoşməramlı, iqtisadi səmərə verə biləcək layihələrinin gerçəkləşməsindən ötrü lazım olan bütün köməklikləri göstəririk.

Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 36.8 milyon manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.8, ticarətdə 19.5, tikintidə 2.3, sənayedə 5.4, nəqliyyatda 0.8 milyon manat olmuşdur. İlin birinci rübündə əsas kapitala yönələn investisiyalar 2.4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 46.5 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 371 manat, orta aylıq əmək haqqı isə 289 manat olmuşdur. Əhalinin gəlirləri 6.9 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 700 manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq bu ilin yanvar-fevral ayları ərzində ayrı-ayrı sahələr üzrə 400-ə yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar.

Rayon əhalisi cənab Prezidentin göstərdiyi bu diqqəti böyük ruh yüksəkliyi ilə qarşılayır və öz dərin minnətdarlıqlarını bildirirlər.

İcra Başçısı bildirdi ki, rayonda tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər ilin birinci rübündə də davam etdirilmişdir.Belə ki, Ölkə Prezidentinin Sərəncamı ilə 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi davam etdirilərək yolun 2.5 kilometrinə asfalt örtük salınmışdır.Yolun tikintisi işlərində son tamamlama işləri aparılır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi, Əsgərabad kənd tam orta məktəbin və Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülərək bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.Əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində də rüb ərzində müəyyən işlər görülərək ayrı-ayrı yaşayış məntəqələrində 130 ədəd elektrik dirəkləri quraşdırılmış, 9 ədəd elekrtik transformatoru təmir edilmiş, 5.5 km hava verlişi xətləri dəyişdirilmişdir. Elektrik şəbəkəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir.

M.Quliyev rayonda kənd təsərrüfatının inkişafından danışaraq qeyd etdi ki, Biləsuvar rayonu respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğu üçün, iqtisadiyyatımızın əsasını da bu sahədən gələn gəlirlər təşkil edir.

Ona görə də rayon İcra Hakimiyyəti bu istiqamətdə real nəticələrə nail olmaqdan ötrü tədbirlər həyata keçirməyə başlamış və ilk növbədə rayonumuza iqtisadi cəhətdən böyük səmərə verən, əhalinin məşğulluğunun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən pambıqçılıqda qazanılan tarixi şöhrəti özünə qaytarmaq üçün müvafiq tədbirlər görmüşdür. Hazırda rayonda pambıq əkinlərinin genişləndirilməsi istiqamətində ciddi işlər aparılır.Bu il rayonda 6 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.Hazırda mülkiyyətçilər tərəfindən 4700 hektardan çox ərazidə pambıq əkini üçün hər iki zavodla müvafiq müqavilələr bağlanaraq sahələr əkin üçün hazırlıq vəziyyətinə gətirilir.Rayon İcra Hakimiyyətində gündəlik olaraq aidiyyəti təşkilatların, pambıq zavodlarının rəhbərləri, ərazi icra nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilir, görülən işlər müzakirə olunur və yaranan problemlər operativ həll edilir.Bu sahədə fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında, dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, şor kollektorlarının lildən təmizlənməsi üçün əlavə texnikaların cəlb edilməsi və mülkiyyətçilərin əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsi ilə bağlı köməkliklər göstərilir.Bu güzəştlərin tətbiqi rayonumuzda kənd təsərrüfatının daha da inkişaf etirilməsinə şərait yaradacaq, mülkiyyətçilərimiz daha çox məhsul istehsal edəcəklər.
2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.2 min hektar payızlıq taxıl əkini aparılmışdır ki, bunun da 11 min hektarı buğda, 13.2 min hektarı isə arpa bitkisidir.Ötən illə müqayisədə taxıl əkini 1.4 min hektar çox olmuşdur.

Hesabat dövründə iri buynuzlu mal-qara 41.1 min başa, xırdabuynuzlu mal-qara isə 139.4 min başa çatdırılmışdır.

İcra başçısı rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlərə toxunaraq qeyd etdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Təhsil ocaqlarının informasiya kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmış, məktəblərdə komputerlərin sayı 470-ə çatdırılmışdır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2016-cı ildə də əhalinin tibbi müayinədən keçirilməsi işlərinə başlanılmış və hazırda bu kompaniya uğurla davam etdirilir.Rüb ərzində 99031 nəfər rayon əhalisinin 38813 nəfəri tibbi müayinədən keçmişdir ki, bu da əhalinin 38.5 faizini təşkil edir. 02 may tarixədək davam edəcək kampaniyada bütün əhalinin müayinədən keçirilməsi planlaşdırılmışdır.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti ictimayyətin mədəni həyatına öz töhvələrini verməkdədir. Hazırda bu Mərkəz rayon ziyalılarının, gənclərin hər gün müraciət etdikləri əsl mədəni mərkəzdir.
Rayonumuzda əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də hesabat dövründə ən çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə keçirilən bir sıra tədbirlər gənclər və yeniyetmələr tərəfindən razılıqla qarşılanmışdır.

Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər.
M.Quliyev çıxışında Biləsuvar rayonunun da “İDEA” İctimai Birliyinin həyata keçirdiyi “Ümumrespublika Yaşıllaşdırma Marafonu”na fəal surətdə qoşulduğunu qeyd edərək bildirdi ki, rayonumuzda ağacəkmə aksiyaları artq ənənə halını almışdır.Ötən il bu aksiyalarda iştirak edən sakinlərimiz tərəfindən ərazilərdə və yol kənarlarında minlərlə müxtəlif çeşidli ağaclar əkilərək qulluq göstərilmişdir.Bu ilin birinci rübündə də rayonun bütün təşkilatları və inzibati ərazi nümayəndəlikləri ilə birlikdə aksiya çərçivəsində üç dəfə böyük ağaçəkmə kampaniyaları keçirilmiş və 3.5 mindən çox ağac əkilmişdir.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxışını Ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlərlə sonlandırdı: “Bir daha qeyd etmək istəyirəm və şübhə etmirəm ki, ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələr icra ediləcək. Azərbaycan uğurlu inkişaf yoluna davam edəcək.”

Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2016-cı ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq”

Hesabat iclasında Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, DSMF-nin Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev, “Biləsuvar rayon Enerji Təchizatı və Satışı idarəsinin baş mühəndisi İmran Kəlbiyev və sahibkar-fermer Şakir Soltanov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv