Bir medalın iki üzü - Tənzilə Rüstəmxanlı xəyanət ittifaqından yazır
Bu ölkənin üstündən nə qədər tufan keçib: imperiyalar dağılıb, sərhədlər dəyişib, bayraqlar enib-yüksəlib, amma bir şey dəyişməyib – bu millət hər dəfə sinəsini qabağa verib, torpağını, şərəfini, adını qoruyub. Bu millət üçün Vətən bayraq üstə bükülən tabutun kölgəsində, səngərdəki əsgərin nəfəsində, göz yaşını içinə axıdan ananın susqunluğunda ölçülür.
İllərlə isə içəridə, sakit-səssiz, pərdə arxasında başqa bir xətt toxunub: kreslo davasını, şəxsi ambisiyasını, xarici mərkəzlərə hesab verən planlarını “müxalifət”, “demokratiya”, “azadlıq mübarizəsi” adı ilə gizlədənlər cəmiyyətdə etimadı sarsıtmağa, dövlətlə xalqın arasına şübhə, inamsızlıq toxumu səpməyə çalışıblar. Dövlətin sütunları yerindədir və həm daxili, həm də xarici düşmənə qarşı dayanır. Zəif olan dövlət yox, bu dövlətə qarşı illərlə qurulan məkrli oyunun içində könüllü və ya muzdlu fiqura çevrilənlərdir.

Ramiz Mehdiyev və Əli Kərimli – illərlə cəmiyyətə sanki iki ayrı dünyanın adamları kimi təqdim olunublar. Bir tərəfdə sistemin içindən gələn, sovet məktəbli, köhnə nomenklatura obrazı – Ramiz Mehdiyev; o biri tərəfdə isə “xalqın yanında olan”, “haqq-ədalət carçısı”, “azadlıq tribunası” kimi qabardılan Əli Kərimli. Söhbət masalarında bu adlar sanki bir-birinə tərs qütblər, barışmaz düşmən cəbhələri kimi cəmiyyətə sırınıb. Halbuki zaman göstərdi ki, bu, sadəcə səhnə quruluşu olub – eyni oyunun müxtəlif dekorasiyaları, eyni ssenarinin müxtəlif rolları.
Milli Şura deyilən rus konstruksiyası bu oyunun kulminasiya nöqtəsi idi. Cəmiyyətə “xalqın tribunası” kimi təqdim olunan bu şəbəkə, əslində, xaricdən idarə olunan, Azərbaycanda kontrollu xaos ssenarisinin siyasi dekorasiyasına çevrildi. Orada bir-birinin davamı kimi çıxış edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri illərlə bu xalqın ağrılarını, tarixi yaralarını, ədalət hissini manipulyasiya alətinə çevirərək, özləri üçün siyasi kapital toplamağa cəhd etdilər.
Ramiz Mehdiyevin sistem içində illərlə topladığı intriqa vərdişi ilə Əli Kərimlinin küçə siyasəti, Cəmil Həsənlinin tarixi ritorikası, Gültəkin Hacıbəylinin emosional isterikası eyni xəttin müxtəlif üslublarıdır. Zahirdə fərqli göstərilən bu fiqurlar, batində eyni məqsədə – Azərbaycanın içindən yorulmuş, ümidsiz, qəzəbli bir kütlə formalaşdırmağa, bu kütlənin enerjisini dövlətə yox, dövlətə qarşı yönəltməyə xidmət ediblər. Bu, sadə siyasi rəqabət deyil, bu, milli enerjinin, milli ağrının, milli ümidin zəhərlənməsi cəhdidir.
Bu millət tankın qabağına sinə gərib, bayrağını tabutunun üstünə büküb Vətən üçün şəhadətə yürüyüb. O millətin qarşısında, xarici dairələrin dəftərinə yazılan planlarla, şəxsi ambisiya ilə, kreslo ehtirası ilə çıxmaq – artıq təkcə siyasi seçim deyil, bu, mənəvi xəyanətdir. Dövlətin sütunları bu xalqın qanı ilə möhkəmlənib; bu sütunların kölgəsində nəfəs alan cəmiyyəti aldatmaq, parçalamaq istəyənlər tarix qarşısında da, hüquq qarşısında da cavab verəcək.
Məhz buna görə Rusiyaya–Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazda təsirini bərpa etmək üçün yenidən hərəkətə keçəcəyi, bu məqsədlə Ramiz Mehdiyev xətti ilə formalaşmış köhnə şəbəkələrdən, Milli Şura çevrəsində illərlə hazırlanmış dayaqlardan istifadəyə cəhd göstərəcəyi ehtimalı real təhlükə kimi ciddiyə alınmalıdır.
Bu ssenaridə AXCP-nin önə çəkilməsi, Əli Kərimli və siyasi ortaqlarının “müxalifət” maskası altında eyni oyunun iştirakçıları kimi hərəkət etməsi, milli iradəni təmsil etmək yox, milli iradəni nəzarətə götürmək planının tərkib hissəsidir. Bu şəbəkənin zərərsizləşdirilməsi artıq sadə siyasi zərurət deyil, Azərbaycan dövlətinin suverenliyinin, Qarabağda qazandığımız qələbənin, şəhid qanı ilə yazılmış tariximizin müdafiəsi məsələsidir.












