“Bir millət, üç dövlət” İTTİFAQI: Laçından dünyaya verilən mesajın ƏSAS MAHİYYƏTİ
“Liderlərin dünənki Laçın səfəri həm Azərbaycan, həm Türkiyə, həm də Pakistan baxımından həqiqətən də olduqca önəmli idi. Çünki bu qurulan ittifaq, əslində, yeni deyil. Bu ittifaqın əsası 2020-ci ilin noyabr ayında 44 gün davam edən Qarabağ zəfəri ilə atılmış və rəsmi şəkildə təsdiqlənmişdi. Həmin dövrdə xatırlayırsınızsa, Pakistan da Türkiyə qədər Azərbaycanın yanında yer almış və Qarabağ zəfərinin qazanılmasında mühüm rol oynamışdı”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
Siyasi təhlilçi ötən gün Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə, Pakistan və Azərbaycan liderlərinin çıxışından, habelə “bir millət, üç dövlət” ifadəsinin siyasi mənasından söz açıb.
Onun sözlərinə görə, bu ittifaqın ikinci əks-sədası isə keçən ay baş verdi:
“Bildiyiniz kimi, Kəşmir problemi fonunda Pakistan və Hindistan arasında baş verən toqquşmalarda Azərbaycan və Türkiyə heç bir şərt qoymadan Pakistana dəstək verdi. Bu isə artıq Hindistanın birbaşa düşmənçiliyini qazanmaq anlamına gəlir. Xüsusilə Hindistan artıq ciddi şəkildə embarqolar tətbiq edir, turizmi böyük ölçüdə dayandırır və Azərbaycanla Türkiyədəki investisiyaları əngəlləmək üçün əldən gələni edir. Eyni zamanda, Ermənistanı güclü şəkildə silahlandıraraq bu ölkəni Azərbaycana qarşı yekun sülh sazişinə getməməyə cəsarətləndirir”.
H. İnaça görə, bütün bu amilləri bir araya gətirsək, doğrudan da, “bir millət, üç dövlət” anlayışını həyata keçirə bilmişik:
“Bu isə gələcəyə yönəlik çox ciddi məna daşıyır. Xüsusilə Azərbaycanın Cənubi Qafqazda oynadığı geosiyasi rol və Türkiyənin qlobal siyasətdə yeni oyunlar qurmaq, mövcud oyunları pozmaq bacarığı, habelə istər Ukrayna müharibəsində, istərsə də Qəzzada törədilən soyqırımı fonunda göstərdiyi mövqe bu ittifaqı daha da gücləndirir. Azərbaycan son dövrlərdə Ukrayna-Rusiya müharibəsi çərçivəsində Avropanın enerji tələbatını ödəyən əsas aktor kimi ön plana çıxarkən, Türkiyə də bu münaqişəni sona çatdırmaqda mərkəz rolunu gücləndirir. Bu kontekstdə Pakistanın varlığı isə məsələyə fərqli bir ölçü qazandırır. Çünki Pakistan nüvə silahına müsəlman dünyasında malik yeganə ölkədir. Bu da, xüsusilə hazırda olduqca təhlükəli dönəmdə, nüvə silahının istifadəsi ehtimalı kontekstində həm Azərbaycan, həm də Türkiyə üçün yeni imkanlar açır”.
“Bu ittifaqın toxunulmazlığı və ortaya çıxara biləcəyi güc balansı daha aydın görünür. Bu üç ölkənin qardaşlığı, sınaqdan çıxmış, möhkəmlənmiş ittifaq son dərəcə güclüdür və eyni zamanda, bu güc geosiyasi baxımdan ciddi qırılmalar yarada, qlobal oyun qaydalarını dəyişdirə və regionun yenidən formalaşmasında əhəmiyyətli rol oynaya biləcək bir birlik kimi dəyərləndirilir. Bu, eyni zamanda Türk dünyasını təşkil edən digər dövlətlərin də tədricən bu ittifaqa qoşulmasına təkan verəcək və xüsusilə Türküstan və Avrasiya bölgəsində fərqli münasibətlərin yaranmasına səbəb olacaq. Bu isə Rusiya, Çin, Hindistan və ABŞ arasındakı münasibətlərin yenidən şəkillənməsində çox önəmli parametr kimi ortaya çıxır”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov