“Bakı Nəqliyyat Agentliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabından Bəxtiyar Hacıyev adlı izləyicinin paylaşımına qeyri-etik ifadələr yazılması ilə bağlı məsələ nəzarətə götürülərək araşdırılıb”.
Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
“Şərhin agentliyin rəsmi hesabından yazılmadığı müəyyən edilib. Bu cür yazı tərzi heç bir halda qəbul olunan deyil və Bakı Nəqliyyat Agentliyinin mövqeyini ifadə edə bilməz. Bakı Nəqliyyat Agentliyi hər zaman yazılan tənqidi fikirlərə qarşı dözümlülük nümayiş etdirib.
Eyni zamanda şərhin saxta profil hesabından yazılmasına dair əsaslı şübhələr var və bu məsələ də ciddi şəkildə araşdırılır. İndiki həssas məqamda müəyyən maraqlı qüvvələr bu vasitə ilə vətəndaşlarda dövlət qurumuna qarşı narazılıq yaratmağa uğursuz cəhd edirlər.
Vətəndaş müraciətləri Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Vətəndaşların müraciət imkanlarını artırmaq üçün əhalinin geniş istifadə etdiyi sosial şəbəkə platformalarında Agentliyin rəsmi hesabları yaradılıb, Alo141 Çağrı Mərkəzi təşkil edilib.
Vətəndaş müraciətləri eyni zamanda www.bna.az”, www.alo141.az” saytları və “141 Çağrı Mərkəzi”i vasitəsi ilə də qəbul olunmaqdadır. Vətəndaşların müraciətləri hər zaman dolğun şəkildə cavablandırılır və qaldırılan məsələlərin həll edilməsi istiqamətində işlər görülür” , – o qeyd edib.
www.yenicag.az