Xətai Rayon Məhkəməsində Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksiy Smirnov ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasında məhkəmə çəkişməsi davam edir.
Yenicag.az xəbər verir ki, mübahisənin əsasında Ramil Aslanovun 1 dekabr 2025-ci il tarixində Moskva Patriarxiyasına ünvanladığı rəsmi şikayət dayanır.
Aslanov həmin müraciətdə yepiskop Aleksiy Smirnovun, eləcə də onun katibi D. Sveçnikovun fəaliyyəti ilə bağlı müxtəlif iradlar və iddialar irəli sürüb.
Ramil Aslanovun sözlərinə görə, həmin müraciətdən sonra Aleksiy Smirnov məhkəməyə üz tutaraq onun barəsində iddia qaldırıb.
Ramil Aslanov hesab edir ki, məhkəməyə müraciətin məqsədi Moskva Patriarxiyasına göndərilən şikayətlərin nəticəsiz qalmasına nail olmaqdır.
“Əgər Aleksiy Smirnov ədalətli din xadimidirsə, məsələni məhkəməsiz həll edərdi. Onun mənəvi baxımdan ədaləti bərpa etmək imkanı var idi. Lakin o, bunu etməyib, əksinə, məhkəmələrə müxtəlif yollarla təsir göstərməyə üstünlük verib”, – deyə Aslanov bildirib.
Onun fikrincə, vətəndaşın dini qurumun yuxarı instansiyasına müraciət etmək hüququ qanunla qorunur və belə müraciətin məhkəmə predmetinə çevrilməsi düzgün yanaşma deyil.
Ramil Aslanov həmçinin bildirib ki, Azərbaycana yeni gəlmiş və Azərbaycan vətəndaşlığı almış Aleksiy Smirnovun bu addımı ölkənin hüquqi və mənəvi dəyərləri baxımından suallar doğurur.
Şikayətçi vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşının dövlət və dini qurumlara müraciət etmək, irad və təkliflərini bildirmək hüququ mövcuddur:
“Vətəndaşın şikayət hüququna təzyiq göstərilməsi, onu susdurmağa çalışmaq və bu məqsədlə məhkəmə mexanizmindən istifadə etmək ədalət anlayışına uyğun deyil”.
Ramil Aslanov məhkəmə prosesini aparan Xətai Rayon Məhkəməsinin hakimi Leyla Şövkətli-Mənsimlinin qəbul etdiyi qərardan da narazı olduğunu bildirib.
Onun sözlərinə görə, e-2(011)-8915/2025 saylı mülki iş üzrə 15 may 2026-cı il tarixli qətnamə qəbul edilərkən təqdim etdiyi bir sıra rəsmi sənədlərə lazımi hüquqi qiymət verilməyib.
Ramil Aslanov qeyd edib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin 23 dekabr 2025-ci il tarixli məktubu, eləcə də Nəsimi Rayon Polis İdarəsinin 21 fevral 2026-cı il tarixli məktubunda əks olunan məlumatlar məhkəmə araşdırması zamanı nəzərə alınmayıb.
Onun sözlərinə görə, rəsmi dövlət qurumlarının təqdim etdiyi sənədlərin qiymətləndirilməməsi məhkəmə qərarının obyektivliyi ilə bağlı ciddi suallar yaradır.
“Əgər təqdim edilmiş sübutlara, dövlət qurumlarının sənədlərinə və vətəndaşın arqumentlərinə lazımi qiymət verilmirsə, vətəndaşın məhkəməyə olan inamı necə qoruna bilər? Məhkəmə vətəndaş üçün son ümid yeridir”, – deyə Ramil Aslanov bildirib.
O qeyd edib ki, baş verənlərlə bağlı Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə yenidən rəsmi müraciət edəcək və təqdim etdiyi faktların araşdırılmasını xahiş edəcək.













