“Bolqarıstan “Nabukko” layihəsinin dirçəldilməsində maraqlıdır”
Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstan səfəri “Nabukko” layihəsini yenidən Qərb mətbuatının gündəminə gətirib. Prezidentin səfərindən sonra gələn məlumatlarda göstərilir ki, Bolqarıstan düyünə düşən “Nabukko” layihəsinin dirçəldilməsində maraqlıdır.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, 10 ildən çox Avropanın enerji gündəmində olan, ekspertlərin ölü hesab etdiyi “Nabukko” layihəsi Bolqarıstanın baş naziri Boyko Borisov Sofiyada səfərdə olan prezident İlham Əliyevlə birgə mətbuat konfrasında səsləndirilib. Baş nazir ölkəsinin “Nabukko Vest” layihəsini bərpa etməyə qərar verdiyini açıqlayıb.
“Bu gün biz “Nabukko” layihəsini yenidən başlamaq istəyirik. O, TANAP-dan başlasın və sonra “Nabukko Vest”lə Bolqarıstan ərazisindən keçsin”, – deyə Boyko Borisov bildirib.
Bolqarıstanın baş naziri elan edib ki, Rusiyanın “Cənub axını” layihəsini dayandırmasından sonra Xəzər qazının Bolqarıstana nəqli reallaşa bilər.
“Biz “Nabukko” layihəsini həyata qaytarmaq istəyirik. Bu kiməsə qarşı yönəlməyib, sadəcə Bolqarıstanın milli maraqlarını müdafiə xarakteri daşıyır”.
“Röyters” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev isə TAP marşrutundan qaz əldə edə bilməsi üçün Bolqarıstanın Yunanıstanla birgə əlaqələndirici marşrut yarada biləcəyini bildirib. Həmin qaz daha sonra Rumıniya və Macarıstana ötürülə bilər.
“Biz fikirləşirik ki, TAP və “Nabukko”nu birləşdirə bilərik. Bunun necə adlandırılacağı vacib deyil. Bizim əsas məqsədimiz Azərbaycan qazının Avropaya çatdırılmasıdır”, – deyə prezident İlham Əliyev mətbuat konfransında deyib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Avropa bazarı Azərbaycan qazının idxalı üçün prioritetdir.
“Azərbaycanın qaz ehtiyatları, həm Azərbaycan xalqının rifahına, eyni zamanda da Avropa istehlakçılarının enerji təhlükəsizliyinə öz xidmətini göstərir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql oluna biləcək yeganə mənbədir”, – deyə İlham Əliyev qeyd edib.
“Şahdəniz” layihəsinin yekun investsiya qərarı verilərkən, TAP-ın seçilməsinə baxmayaraq Azərbaycan qazının “Nabukko” ölkələrinə də çatacağı bildirilmişdi. Həmin vaxt mavi yanacağın İtaliyadan sonra daxili birləşdirici kəmərlərlə Macarıstan, Avstriya, Rumıniyaya ötürüləcəyi qeyd olunurdu. Balkan ölkələrilə anlaşma memorondumu da imzalanmışdı.
Mütəxəssislərin fikrincə, “Nabukko” kimi nəhəng layihənin yenidən dirçəldilməsi çətin, hətta mümkünsüz bir məsələdir. Ən yaxşısı İtaliyaya qədər çatacaq TAP kəmərinin birləşdirici xətlərlə “Nabukko” ölkələrinə qədər uzadılmasıdır.