Svetlana Bayramovanı uzun illərdir tanıyıram. Bu məmləkətdə hər kəs öz sözünü yastıq altında gizlədəndə Svetlana xanım həm də YAP Siyasi Şurasının üzvü olaraq, heç vaxt gizlətmədi. Bu günlərdə Svetlana xanımın ağır bir xəbərlə yıxıldığı xəbərini aldıq. Ana qədər sevdiyi bacısı Elmira xanım Haqqın dərgahına, atasının, anasının və qardaşı Tofiq Bayramın yanına köç etmiş, sevənlərini gözü yaşlı buraxmışdı. Svetlana xanımla bu mövzuda danışmaq nə qədər çətin olsa da, söhbətə bacısı, Azərbaycanın tanınmış pedoqoqlarından Elmira Bayramova haqqında xatirələri ilə başladıq. Danışdıqca, söhbət çox fərqli məcralara yönəldi… Maestro Niyazi, Səməd Vurğun kimi nəhənglərdən danışdıq… Gözləri nəmli Svetlana xanımın bütün söhbətinin mərkəzində iki isim vardı: Tofiq Bayram və Elmira xanım…
– Elmira xanım 1939-cu ilin noyabrın 1-də anadan olub. 208 saylı orta məktəbi bitirib. Həmin məktəbin o dövrlər güclü müəllimləri olub. Onlardan biri də Hübabə müəllimə idi. Hübabə müəllimə həm qardaşım Tofiq Bayrama, həm də Elmiraya dərs deyib. Tofiqin ədəbiyyata meyllənməsində şübhəsiz ki, ailəmizdəki mühitlə bərabər Hübabə müəllimənin də böyük rolu olub. Tofiqlə bağlı bütün tədbirlərdə uzun illər Hübabə müəllimə də iştirak edib. Elmiraya gəlincə, orta məktəbdən sonra Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Ondan öncə Tofiq də həmin institutda oxuyub. Öncə Tofiq o vaxt universitetə qəbul olundu. Amma sonradan universitetdən çıxıb, APİ-yə daxil oldu. Bunun da səbəbi Pedoqoji İnstitutda o dövrün ən böyük ədəbiyyatşünaslar, dilçi alimlərin işləməsilə bağlı idi. Dəmirçizadə, akademik Feyzulla Qasımzadə, böyük yazıçımız İsmayıl Şıxlı, görkəmli ictimai xadim, yazıçı-dramaturq Şıxəli Qurbanov həmin dövrdə APİ-də çalışırdı.
O zamanlar APİ-nin rektoru Mehdixan Vəkilov idi. Ondan əvvəl Mehdixan Vəkilov Ağstafa rayonunda birinci katib olarkən atamı da ora respublikanın ən böyük heyvandarlıq sovxozuna direktor vəzifəsinə işə dəvət etmişdi. Tofiq də ədəbiyyat mühitinə uşaq ikən məhz burada düşmüşdü. Tofiqin “Səməd Vurğunla görüş” adlı bir şeri var. Orada Ağstafa dəmir yolu vağzalında Səməd Vurğunla görüşünü təsvir edib. Bundan sonra evimizdəki ədəbi mühit daha da güclənir. Vaxtilə Əlağa Vahid evimizdə olub. O hətta valideynlərimin əmisi qızına bədahətən bir şeir də söyləmişdi.
Səriyyə xala, çay gətir, mən içim,
Bağ yeridir, qəndi çox işlətmərik,
İstəyirsən say gətir, mənim üçün.
Əmilərim də ədəbiyyat həvəskarı olublar. Həqiqət Rzayevadan Niyaziyə kimi Azərbaycanın bütün görkəmli sənət adamları, ədəbiyyatçı, musiqişünas, xanəndələr bizdə olub. Xan Şuşinski atamın toyunda sağlıq deyərkən əhd etmişdi ki, oğlun olsun və gəlim toyunda iştirak edim. 1956-cı ildə Tofiqin toyu olanda o toydan çox musiqi müsabiqəsi idi. Xan Şuşinski, Əlibaba Məmmədov, Əbülfəz Əliyev, Qurban Pirimov, Əlövsət Abdullayev, Mütəllim Mütəllimov kimi dövrün görkəmli xanəndələri Tofiqin toyunda oxudular… (Xəyala dalır. Sanki o günlər lent kimi gözündən keçir… )
Hə, harda qalmışdıq? Elmira APİ-nin tarix-filologiya fakultəsinə daxil oldu. O əlaçı olub. İnstitutu bitirdikdən sonra Əmircandakı 226 saylı məktəbdə ədəbiyyat müəlliməsi oldu. İşlədiyi qısa dövrdə respublikanın tanınmış ədəbiyyat müəlliməsi kimi məşhurlaşdı. Həmin illərdə ədəbiyyat yazıları yoxlanılırdı. O dövrdə ədəbiyyatdan 5/5 qiymət almaq çətin idi. Bütün respublika üzrə həmin yazıları Maarif Nazirliyinə göndərirdilər. O zamanlar həmin idarənin rəhbəri də məşhur pedaqoq Mehdizadə olub. Həmin yazıların yoxlanılması respublikada bir neçə müəllimə həvalə olunmuşdu ki, onlar 190 saylı məktəbin əməkdar müəllimi Səmədov, professor Rəfiqə Mustafayeva və gənc bacım Elmira olub. Yəni gənc ədəbiyyat müəlliməsinə böyük etimad göstərilmişdi. Elmira ailə qurduqdan sonra əvvəl Farmokologiya Texnikumunda ictimai elmlər üzrə dərs dedi. Elmira adi müəllimə deyildi, alim müəllimlərdən idi. Onun gözəl poetik duyumu, yaddaşı olub. Bilirsiniz ki, Həsənoğlunun Azərbaycan dilində bizə cəmi iki şeiri gəlib çatıb. Həmin şeirin dili də çətindir, əzbərləmək də mürəkkəbdir. Amma Elmira həmin şerləri əzbərdən bilən az sayda adamlardan biri idi. Ömrünün son günlərində xəstəliyinə baxmayaraq poetik duyğular onu heç zaman tərk etmədi. Sonuncu gününə qədər Seyid Əzimdən, Füzulidən əzbərlər deyirdi. Onun texnikumda işlədiyi dövrdə ağıllı və bacarıqlı tələbələri olub. Bir xanım kimi də bacarıqlı xanım sayılırdı. O, həm də mükəmməl bir ana, ev xanımı idi. Onun bişirdiyi ləzzətli xörəkləri inanmıram ki, başqa kimsə bişirə bilsin. Yoldaşı 18 il Sabunçu rayonunda Mühafizə İdarəsinin rəisi olub. Elmira həmişə onun qulluğunda durub.
Evlərində olanda mətbəxdə müxtəlif otlardan dəmlənmiş 4-5 çaynik görmək olardı. Yəni, Elmira vəfalı bir qadın idi. Eyni zamanda fədakar vətəndaş idi. Həmin illərdə texnikumdan uşaqları pambıq yığımına göndərərdilər. Elmira baxmayaraq ki, 3 körpə uşağı olub, mütləq həmin pambıq yığımında iştirak etməyi özünə borc bilirdi. O xanımlığı, ədəb-ərkanı, tərbiyyəsilə tələbələrinə həm nümunə olurdu, həm də onları qoruyurdu. Onun ölümü bu gün də ürəyimi göynədir. Elə bilirəm ki, böyük bir dünyamı , tək böyük bacımı deyil, böyük bir şəxsiyyəti ittirmişəm. O gəlin gedəndə belə fikirləşirdik ki, bu evin taleyi onsuz necə olacaq?
Baxmayaraq ki, yeniyetmə idik, onun gəlin köçməsi bizə ağır gəlirdi. Bu əlbəttə ki, xoşbəxt anlar idi, yeni bir ailə qururdu. Elmiranı ədəbi itirəndə bizim göz yaşlarımızda böyük bir qəm var idi. Elmira şagird, tələbə, övladlarının, yaxınları və qohumlarının qəlbində əbədi yer alıb. Öz istedadını Elmira ailəsinə, uşaqlarına qurban verdi. Oğlu uzun illər Prezident Qvardiyasında çalışdıqdan sonra indi Mühafizə Xidmətinədə işləyir. Onun oğlu səhər tezdən işə gedirdi, Elmira isə oğlu üçün yeməyi səhər saat 5-dən yerindən qalxmaqla bişirirdi. Yəni, bu dərəcədə fədakar bir ana idi. Bir bacı kimi də evimizin böyük qızı olaraq tərbiyəmizdə onun mühüm xidmətləri olub. Elmiranın gözəl musiqi duyumu var idi. Xəstələndikdən sonra istəyirdi ki, Moskvada Böyük Teatra gedib orada yeni quruluşda operaya baxsın. Mən də zarafatla dedim ki, gedərik. Dedim təyyarəyə minib gedərik Moskvaya. Ayağının sınması ilə bağlı olaraq əməliyyat olundu, əməliyyat da uğurlu keçdi, amma ayağa durmağa qorxdu.
– Bir az öncə dediyiniz kimi, ailənizin ölkənin çox tanınmış insan ilə maraqlı xatirələri olub…
– Bəli. Bir xatirəni danışım sizə. Azərbaycandan ilk dəfə Türkiyəyə qastrola gedən də Niyazi olub. Əmircandakı evimiz aeroport yoluna yaxın yerdə olduğundan, bəlkə də xeyir-duanı ailəmizdən almaq istəyilə Niyazi həmişə xarici səfərləri zamanı həmin günün axşamı bizdə olardı. Niyazi qastrollara da heç zaman tək getmirdi, ömür gün yoldaşı Həcər xanım da yanında olardı. Türkiyəyə yola salan zaman atam Niyaziyə deyir ki, maestro oradan gələn kimi aeroportda ayağının altında qoyun kəsəcəyəm. Həyətimizdə bir qoç vardı, atam öz əli ilə onu yedizdirərdi. Niyazi gələn günü atam həmin qoşu aeroporta gətirir, istəyir ki, keçirib trapın altında kəssin. Amma mühafizə xidməti icazə vermir. Həmin dövrdə Bakı şəhər Sovetinin sədri atamın yaxın dostu Əliş Lənbəranski idi. Atam Əliş əmiyə zəng edir, əhvalatı danışır. O da məsələni həll edir. Nəticədə atam qoyunu keçirərək trapın altında Niyazi təyyarədən düşəndə qoyunu kəsir. Yəqin bundan sonra aeroportda ona bənzər belə hadisə olmayıb. Niyazi hamımızı çox sevirdi, amma Elmiranı xüsusi məhəbbətlə sevirdi. Yəqin ki, onun musiqi duyumu burada rol oynayıb. Operada Niyazinin özünə məxsus olan direktor lojası vardı. İnanın ki, uşaqlığımız o lojada keçib, bütün tamaşalara gedib baxardıq. Türkiyədən Ankara Opera mügənnisi Sevda Aydan gələndə bu Azərbaycanda ümumxalq bayramı olurdu. Tofiq də ona şeir yazmışdı.
Hansı ki, bunun üstündə Tofiqin başına çox bəlalar gəlir. Həmin dövrdə Heydər Əliyev respublika KQB-nin rəhbərliyində olmasaydı Tofiqi ciddi həbs gözləyə bilərdi. Ulu öndərlə görüşdə iki dəfə bu hadisəni yada saldım. H. Əliyevin 75 illiyilə bağlı görüşdə dedim “bu gün onu KQB generalı olmaqda ittiham edənlər unudurlar ki, onun KQB mundiri altında qeyrətli, millətini sevən bir ürək döyünür”. H. Əliyev Əmircanda Tofiq Bayram adına parkın açılışında iştirak etdi, orada Tofiqə gözəl bir abidə də qoyulub. Bu xatirəni də H. Əliyevlə görüşdə, çox minli auditoriya qarşısında danışdım. İndi bir çoxları özlərini türkçü adlandırır. Amma biz türk olduğumuzu hələ o zamanlardan dərk etmişdik.
Ailəmizdə Tofiqdən öncə anamın bir oğlu olub. Onun da adını Hətəm Paşa qoymuşdular. 1931-ci ildə atam evlənib, bir il sonra o uşaq dünyaya gəldi. Təsəvvür edin ki, o dövrdə belə bir ad qoymaq gözlənilməz idi. Babam Məşədi Hüseyn əmi Bakının adlı-sanlı mesenantlarından olub. Babamın evi Göy Məscidin yanında idi. Həmin məscidin ərazisi də bizim olub, ilk axundu da babamın qardaşı olub. Babam həmin məscidin inşa edilməsinə böyük maliyyə qoyub. 1918-ci ildə mart qırğınları zamanı ermənilər babamgilə gəlib azərbaycanlıları öldürmək istəyib. İnsanlar da qaçıb çardaxda gizlənir. Respublika Sarayı da daxil olmaqla Bakıda tikilən əksər binaların mühəndisi olan əmim həmin dövrdə 1 yaşda olanda ermənilər ağlamaq səsini eşidib duyuq düşməsin deyə üstünə balış qoyurlar ki, səsi çıxmasın. Həmin dövrdə bir türk zabiti gələrək ailəmizi erməni qırğınından xilas edir. Bu zabitin adı da Hətəm Paşa olub. Babam da anamın oğlu olanda adını Hətəm Paşa qoydu. Deyilənlərə görə gözəl uşaq olub. Onun qırxı təzə çıxan kimi anam uşağı qucağına alıb, toya gedir. Anam toya gedəndə çoxlu brilyant taxırdı. İçəri Şəhərdə ona görə ona “brilyantlı gəlin” deyirdilər. Lakin toydan gələndən sonra uşağın vəziyyəti pisləşir və o tələf olur. Babam da onu faciə kimi qəbul edir. Tofiqin adını da türk şairi Tofiq Fikrətin şərəfinə qoyublar. Eh… Böyük bir ailənin artıq barmaqla sayılacaq qədər uşaqları qalıb, cəmi 3 bacı qalmışıq.
– O göz yaşlarında sevinc var, bacım.
Səadət həmişə gülmək deyildir,
Ana qız toyunda ağlayır, bacım.
Gedirsən ən şirin arzu-kam kimi,
“Vağzalı” çalınsın, get yavaş-yavaş.
Dünyada hər ana öz anam kimi
Bircə toy günündə ağlayaydı kaş!
Tofiq müəllim bu şeiri də Elmira xanım üçün yazmışdı…
– Bəli. Tofiq “Anam ağlayır” şerini Elmiranın toyunda yazıb. Tofiq bu şeiri Süleyman Ələsgərovun qızının toyunda da oxuyur. Süleyman Ələsgərov bundan çox duyğulanıb, həmin şeirə musiqi yazmaq istədiyini Tofiqə bildirir və yazır. Sonradan Şövkət Ələkbərova, İslam Rzayevin ifasında bu şeir məşhurlaşdı. Elmira rəhmətə getməmişdən 10 gün öncə “Nanəli” verilişində həmin mahnını Almaz Orucova ilə Eldəniz adlı mügənnilər gözəl şəkildə ifa etdilər. Özü də dinlədi. Bütün bunlar yəqin ki, hələ uzun illər azərbaycanlıların xatirələrində yaşayacaq hadisələrdir. Bəli, o bizim evdən ilk dəfə gedərkən gözümüzdə yaşlı sevinc vardı. Ancaq indi o sevinci itirdik. Yenə gözümüzü yaşlı qoydu Elmira. Fəqət bu dəfəki göz yaşı bizə çox acı verir. Düzdür, bu ağır günlərimdə mənəvi bacılarım, illərdən bəri tanıdığım, birlikdə yürüdüyüm insanlar bizə dayaq oldular. Onlardan da Allah razı olsun.
Söhbətləşdi: A.Ələsgər
Qələmə aldı: S.Abbaslı
Redaksiyadan: Qeyd edək ki, tanınmış pedoqoq Elmira Bayramovanın qırx mərasimi 9 may 2016-cı ildə, “Təzə Pir” məscidində keçiriləcəkdir.
www.yenicag.az