Qurtuluş mübarizəsinin Zəfər zirvəsindəki möhtəşəm akkordu – Aqil Ələsgər yazır
Tarixdə elə günlər var ki, onlar sadəcə rəsmi təqvim yarpağı deyil, bir millətin ölüm-dirim savaşıdır. Bəzən gənc nəsildə belə bir sual yaranır: Niyə 15 iyun Milli Qurtuluş Günü adlanmalıdır? Axı Azərbaycan öz müstəqilliyini 1991-ci ildə elan etmişdi, bəs qurtuluş nədən iki il sonra oldu? Biz nədən qurtulduq?
Çünki 1993-cü ilin iyununda ortada sadəcə kağız üzərində, de-yure mövcud olan bir dövlət qalmışdı. Xəritəyə baxdıqda mənzərə dəhşətli idi – cənubda və şimalda separatizm baş qaldırmış, paytaxtda xarici kəşfiyyatların qızışdırdığı qruplaşmalar yuva salmış, Gəncədə isə “Allah Surətin evini yıxsın” hərbi qiyamı başlamış və silahlı dəstələr Bakıya doğru irəliləyirdi. Mərkəzi hakimiyyət iflic vəziyyətində idi, iqtisadiyyat tamamilə çökmüş, vahid komandanlığa tabe olmayan ordu müxtəlif “komandirlər”in, başına güllə çaxmağa cəsarəti olmayıb sözünü yeyən rəhim qazıyevlərin əlində oyuncağa çevrilmişdi.
15 iyun sadəcə Heydər Əliyevin hakimiyyətə qayıdışı deyil, bu, vətəndaş müharibəsinin astanasında duran, parçalanmağa məhkum edilmiş dövlətin son anda uçurumun kənarından geri qayıtdığı gündür. Bu gün olmasaydı, müstəqil Azərbaycan bəlkə də yalnız tarix dərsliklərində yarımçıq qalmış bir respublika təcrübəsi kimi xatırlanacaq, bu gün qürurla səsləndirdiyimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” sözündən xəbərsiz gənclik yetişirdiş.
Elçibəyin tarixi etirafı
Tarixin ən böyük həqiqətləri bəzən siyasi rəqiblərin dilindən səslənəndə bütün çılpaqlığı və əzəməti ilə ortaya çıxır. O qaranlıq günlərdə ölkənin üzərində dolaşan Rusiya işğalı təhlükəsinin real miqyasını anlamaq üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin illər sonra yaxın ətrafı ilə söhbətindəki etirafına nəzər salmaq kifayətdir:
“Mən hakimiyyətə Heydər Əliyevdən başqa kimi dəvət etsəydim, altı ay sonra rus qoşunları yenidən Bakıda olacaqdı. Şimal təhlükəsinin qarşısını yalnız Heydər Əliyev ala bilərdi və aldı.”
Bu cümlə qaçılmaz olan süqutun və o süqutdan bizi xilas edə biləcək yeganə şəxsiyyətin kim olduğunun rəsmi təsdiqi idi. Heydər Əliyev emosiyalarla deyil, usta şahmatçı kimi soyuqqanlı diplomatik gedişlərlə oynadı. O, böyük dövlətlərin maraqlarını Azərbaycanda toqquşduraraq, “Əsrin Müqaviləsi” ilə Qərbin iqtisadi-siyasi gücünü ölkəmizin müstəqilliyinin qarantına çevirdi və istər Şimal ayısının, istərsə də Xəzərə Mazandaran gölü deyib, şəhərlərimizə diş qıcayan Cənub mollasının məkrli planlarının önünə keçilməz sədd çəkdi.
Xaosdan dövlətə aparan lider
1993-cü ildəki ən qorxulu ssenari xarici müdaxilə qədər, bəlkə də ondan daha çox qardaş qırğını idi. Surət Hüseynov, Ələkram Hümbətov kimi qüvvələr Azərbaycanı yenidən quberniyaya çevirmək üçün “parçala və hökm sür” siyasətinin kiçik “peşka”ları qismində çıxış edirdilər. Dövlət müxtəlif silahlı qruplaşmaların nüfuz dairələrinə bölünmək üzrə idi.
Heydər Əliyev böyük sərkərdə qətiyyəti və xalqın mütləq dəstəyi ilə qanunsuz silahlı birləşmələri tərksilah etdi, ölkəni bürüyən separatizm ocaqlarını bir-bir söndürdü. 1994 və 1995-ci illərdəki dövlət çevrilişi cəhdlərini isə şəxsən öz həyatını təhlükəyə ataraq, xalqı meydanlara səsləməklə məhv etdi. O, “küçə siyasəti”ni və avtomatlı dəstələrin diktatını bitirərək qanunun aliliyini, nizam-intizamlı idarəetməni bərpa etdi.
QURTULUŞDAN ZƏFƏRƏ gedən yol
15 iyun sadəcə bir qurtuluş anı deyil, müasir Azərbaycanın Zəfər düsturudur. Çünki azad Qarabağa gedən yol məhz o gün yaradılan sabitlikdən, atılan uzaqgörən təməllərdən keçirdi.
Əgər daxili çəkişmələr və vətəndaş müharibəsi davam etsəydi, bu gün nə müasir Azərbaycan iqtisadiyyatından, nə nizami ordudan, nə də Qarabağ qələbəsindən danışa bilərdik. Heydər Əliyev xaosu bitirib neft strategiyası ilə xəzinəyə nəfəs verməklə və pərakəndə dəstələri vahid komandanlığa tabe etdirməklə 2020-ci ilin payızında qazanılacaq Qələbənin infrastrukturunu hazırladı. O, zamanı Azərbaycanın lehinə işləməyə məcbur etdi.
Dövlətçilik estafeti: MEMAR ATA və MÜZƏFFƏR OĞUL
Tarix amansızdır; o, ataların başlatdığı böyük işlərin, qurduğu dövlətlərin övladlar tərəfindən yarımçıq qoyulması, tarmar edilməsi faciələri ilə doludur. Lakin Azərbaycanda bunun tam əksi, ən şanlı səhifəsi yazıldı. Necə ki Osmanlını Fetrət-Durğunluq dönəmindən sonra yenidən gücləndirən və fəthlərə başlayan Sultan II Muradın oğlu Fatih Sultan Mehmet dövləti sarsılmaz imperiyaya çevirdi, Heydər Əliyevlə İlham Əliyev arasındakı vəhdət də sadəcə bioloji qan bağı deyildi; bu, dövlətçilik kodu, strateji baxış və ortaq vətən sevgisi idi.
Qısacası, bu sualı uzun əsrlər sonra da insanlar verəcəklər: 1992–1993-cü illərdə öz paytaxtını qoruya bilməyən, küçələrində hərbi texnikaların xalqa lülə tuşladığı, əsgərinin ayağına geyindirməyə çəkmə tapmayan, ümidsizlik içində boğulan bir ölkə necə oldu ki, 27 il sonra XXI əsrin ən müasir və ən texnoloji hərbi əməliyyatını həyata keçirdi?
Çünki Heydər Əliyev dövləti məhv olmaqdan qoruyan, xaosun yerinə nizamı, iflasın yerinə iqtisadi dirçəlişi gətirən memar idi. Prezident İlham Əliyev isə o təməllər üzərində dayanaraq, səbrlə və zərgər dəqiqliyi ilə dövləti qüdrətləndirən, zamanı, diplomatik masanı və iqtisadi resursları məğlubedilməz Dəmir Yumruğa çevirən Müzəffər Sərkərdə oldu. Əgər Heydər Əliyev Azərbaycanın var olma və ayaqda qalma hüququnu tarixə və düşmənlərə qəbul etdirmişdisə, İlham Əliyev o hüququ qətiyyətlə, hərbi güclə və zəfərlə reallığa çevirdi.
Şuşanın azad edildiyi o qürur dolu 8 noyabrda Ali Baş Komandanın Şəhidlər Xiyabanından xalqa müraciəti əslində təsadüfi deyildi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.”
Bu nida sadəcə bir oğulun atasına hesabatı deyildi. Bu, 1993-cü ilin qaranlıq iyun günlərində, uçurumun kənarında, qardaş qırğınının astanasında başlayan o ağır Qurtuluş mübarizəsinin Zəfər zirvəsindəki yekunu, möhtəşəm akkordu idi.
Bu gün tam əminliklə və alnı açıq demək olar: 15 iyunda xilas edilən sadəcə o günün Azərbaycanı deyildi, həm də bugünkü Şuşamız, bugünkü qələbəmiz idi. İndi Şuşanın ən uca zirvəsində, Xankəndinin mərkəzi meydanında dalğalanan üçrəngli bayrağımız vaxtilə o bayrağı yerə düşməyə qoymayan Heydər Əliyevin və o bayrağı işğaldan qurtaran İlham Əliyevin ortaq əsərinin ən əzəmətli təcəssümüdür.
Bəli, bu gün o böyük Memarın ruhu şaddır – çünki onun canından çox sevdiyi dövləti artıq sadəcə müstəqil deyil, həm də bütövdür, yenilməzdir! Yaşasın böyük və bütöv Azərbaycan!
Aqil Ələsgər













