"Böyük savaşın vaxtı bəlli oldu": Tramp və Netanyahudan GİZLİ RAZILAŞMA
“Yaxın gələcəkdə İsrail – ABŞ birliyinin İrana qarşı hərbi müdaxiləsi gözləniləndir”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq ABŞ prezidenti Trampın Netanyahuya İrana ediləcək hər hansı hərbi müdaxilədə dəstək verəcəyi ilə bağlı açıqlamasını şərh edib:
“Əgər İsrail İrana qarşı hərbi əməliyyatlara başlayarsa bütün istiqamətlərdə onlara dəstək verəcək yeganə ölkə Amerikadır. Biz nəzərə almalıyıq ki, ABŞ İsraillə bütün istiqamətlərdə müttəfiq olan yeganə ölkədir və İsrailin dünyada dəstəyini ABŞ həyata keçirir. Xüsusilə də ABŞ həm siyasi, həm iqtisadi və hərbi baxımdan müasir hərbi texnika mübadiləsi baxımından da İsraillə çox yaxın əlaqələrə malikdir və ABŞ uzun illər İsrailin bölgədəki siyasətinə birmənalı dəstək verən ölkə olub. Xüsusilə də Tramp administrasiyasının Yaxın Şərqdə gedən proseslərə çox həssaslıqla yanaşdığını, bu istiqamətdə ciddi addımlar atdığını görə bilirik.”
S. Kərimli qeyd edib ki, Amerika özü İrana qarşı hərbi müdaxilə edə və ya İsrailin mümkün hücumlarına dəstək verə bilər:
“İranla Amerikanın münasibətlərinin ən gərgin həddə çatması göstərir ki, ABŞ həm özü İrana hərbi müdaxilə edə bilər, eyni zamanda, İsrailə yardım edə bilər. Bu baxımdan Trampın Netanyahunu əmin etməsi onu göstərir ki, bu müharibə Amerikanın da maraqlarına cavab verəcək. Son dövrlərdə biz Vaşinqton və Tehran arasında müəyyən şifahi razılaşmanın olduğunu eşidirik, bu istiqamətdə müəyyən informasiyalar dolaşır amma bu o demək deyil ki, hər iki ölkə arasında razılaşmalar rəsmiləşəcək. Qarşıdakı dövrdə İran müəyyən güzəştlərə getməsə Amerikanın qarşıya qoyduğu tələb və şərtlərə əməl etməsə biz yenidən bölgədə böyük hərbi toqquşmanın şahidi ola bilərik. Bu baxımdan, Amerika öz mövqeyini də sərt formada ortaya qoyub. Biz, Trampın İranla bağlı məsələni birdəfəlik həll etmə cəhdlərini görə bilirik. Əgər razılaşma əldə olunmasa və İranla İsrail arasında gərginlik bir daha artarsa bu zaman ABŞ öz mövqeyini ortaya qoyub İrana qarşı İsrail-ABŞ birliyi ilə toqquşmaların şahidi ola bilərik.”
Nurlan Cəfəri













