Britaniya Kralının qardaşının Epşteynlə işi ilə bağlı sənədlər açıqlanacaq
Böyük Britaniya hökuməti kral III Karlın kiçik qardaşı Endryu Mauntbetten-Vindzorun 2001–2011-ci illərdə ölkənin beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətinə dair sənədləri açıqlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə parlamentdə Liberal Demokratlar Partiyasının təqdim etdiyi sorğu deputatlar tərəfindən yekdilliklə dəstəklənib.
Məhz həmin dövrdəki vəzifə fəaliyyəti ilə bağlı mümkün pozuntular işi üzrə Mauntbetten-Vindzor ötən həftə polis tərəfindən saxlanılıb. O, son 500 ilə yaxın müddətdə həbs olunan ilk kral ailəsi üzvü olub.
“The Times” qəzeti parlamentin aşağı palatasında keçirilən müzakirələri misilsiz adlandırıb. Nəşr qeyd edib ki, mövcud ənənəyə görə kral ailəsi üzvləri haqqında mənfi fikirlərin səsləndirilməsi təşviq olunmur və onlar belə müzakirələrdən qorunurlar. Lakin 24 fevralda bu ənənə pozulub və debatlar bəzən kralın qardaşına yönəlmiş tənqidi aşaraq monarxiya institutu, onun imtiyazları və qorunması məsələlərinə də toxunub.
Sənədlərin istintaq fonunda nə vaxt dərc olunacağı açıqlanmayıb.













