“Bu da yeni məhsul: “Made in Çina”” – Xalq şairi koronovirusa şeir həsr etdi

Xalq şairi Vahid Əziz dünyanı lərzəyə salan koronavirusa şeir həsr edib.

Yenicag.az-a açıqlama verən şair özünün də bu virusdan qorunduğunu deyib:

“Evdən bayıra çıxmıram, özümü spirtləyib oturmuşam evdə. Hamıya da məsləhətim budur ki, özlərini qorusunlar, müvəqqəti bəladır, keçib gedəcək”.

O, koronovirusa həsr etdiyi şeiri də söyləyib:

Gəlib top-tüfəngli, barıt-qırmalı,
Ya soyuq aparar, ya qızdırmalı,
Hamı bir-birindən uzaq durmalı!
Deyirlər, “dünyada virus var”, bala.

Baxır özgə kimi dogmaya doğma,
Bu, nə soxa-soxdu, nə sıxma-boğma?
Deyirlər, heç kəsi qoyma yaxına!
Gör bu şoğəribdə nə üz var, bala?!

Hamı əl-ayaqda, yoxmuş əlacı,
Kimi dindirirsən cavabı acı,
Əzazil şah kimi başında tacı,
Söz gəzir, “bundan da dəyyus var”, bala!

Göydə qanadlarda, yerdə təkərdə,
Kasıbda, varlıda, bəydə, nökərdə,
Hamının ağzında dərmanlı pərdə,
Yayan bu bəlanı bir İblis, bala!!

Bu da yeni məhsul: “Made in Çina!”,
Mikroskop altında bənzəyər Cinə,
Hələ girə bilmir dərman içinə,
Yaman pis bəlaymış, yaman pis, bala!

Qorxudur dumanlı gələn səhərlər,
Yas tutur sevinib-gülən şəhərlər,
Təxirə salındı bütün səfərlər-
Nə yaylaq, nə qıışlaq, nə dəniz, bala?

Şütüyür, heç nəyi almır vecinə,
Ordular mat qalıb qəddar gücünə,
Atom bombası da yanında heç nə,
Olub işlərimiz çox qəliz, bala…

Cəvahir