Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
DİM-dən Yenicag.az-a verilən məlumata görə, elan üzrə 2 dövlət orqanında mövcud olan 14 vakant vəzifə üzrə 14 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 16 müsahibənin keçirilməsi planlaşdırılır.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimin köməkçisi (1 vakant yer üzrə 6 namizəd) vəzifəsidir.
Müsahibələrin iyulun 29-dan avqustun 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
www.yenicag.az