“Həddindən artıq Günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir”.
Bu fikirləri son dövrlər Günəşdə artan aktivlik, geomaqnit qasırğalarının səbəbləri və yaratdığı fəsadlar barədə danışan meteoroloq Cavid Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur:
“Həddindən artıq Günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir. Günəş səthindəki güclü partlayışlardan yaranan alov sıçrayışları A, B, C, M və X sinifləri üzrə sıralanır. 1-dən 9-a qədər dəyişən X-sinif spektri daha güclü hesab edilir. Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları elektrik, rabitə, GPS, naviqasiya sistemlərinin və ölçü cihazların iş fəaliyyətinin pozulmasına, Peyk aparatlarının zədələnməsinə, kosmik gəmilər və astronavtlar üçün risklərin, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanlar və xroniki xəstələrin həssaslığının artmasına – baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və sair – səbəb ola bilir. Günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür. Heliofiziklərin proqnozlarına görə 2024-cü ilin maksimum Günəş aktivliyi ili olacağı təxmin edilir və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.
İsmayıl Bakuvi
www.yenicag.az