Metroda YENİ SİSTEM: Eyni turniketdən bir neçə nəfəri keçirmək MÜMKÜN OLMAYACAQ
Hər bir bank kartı ilə 1 turneketdə 10 dəqiqə ərzində yalnız 1 gediş etmək imkanı olacaq.
Bunu Yenicag.az-a açıqlamasında Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurumun mətbuat xidməti rəhbəri metro stansiyalarında turniket məhdudiyyətinə edilən yeni dəyişiklik barədə danışıb:
“Bakı Metropolitenində NFC sistemini dəstəkləyən istisnasız olaraq bütün yerli bank kartları gedişaqqı sisteminə qoşulub və sərnişinlərimiz artıq digər ödəniş üsullarından istifadə etmədən bank kartları ilə ödəniş edə bilərlər. Burda sadəcə olaraq diqqətə alınacaq bir neçə məqam var. Onlardan ən vacibi hər bir bank kartının 1 turneketdə 10 dəqiqə ərzində yalnız 1 gediş etmək imkanının olmasıdır. Həmin stansiyada olan sərnişinlərimiz eyni kartla digər turneketlərdən keçə və yanlarında olan insanları keçirə bilərlər”.
Məmmədov bu addımın səbəblərini belə izah edib:
“Bu sistemin hal-hazırda belə olmasının ən vacib məqamlarından biri Metropolitenin kütləvilik baxımından sərnişinlərin axını ilə bağlı məsələlər xüsusi dayanır. Yəni, hər hansısa bir stansiyadan eyni anda 100-1000-lərlə insan keçmək istəyə bilər və onların ödəniş sistemindəki təhlükəsizliyi, eyni zamanda onların bu sistemdən problemsiz, maneəsiz istifadə etməsi bugünün əsas hədəfləri, əsas məqsədidir. Bu sistemdə hər hansı bir problem yaranarsa bu təbii ki, stansiyanın ödəniş sistemində sıxlıq yarada bilər və təbii ki, bunun neqativləri daha çox ola bilər. Amma, ümumən ödəniş sisteminin özü tətbiq edilməklə yanaşı onun gələcəkdə təkmilləşdirilməsi istiqamətində istənilən işlər aparıla bilər və onun daha modernləşdirilməsi istiqamətində də tədbirlər görülə bilər”.
Nurlan Cəfəri












