Bu ölkə tarixdə ilk dəfə Rusiyadan neft almağı dayandırdı
Çexiya tarixdə ilk dəfə Rusiyadan neft almağı dayandırdığını açıqlayıb.
Yenicag.az-ın “İzvestiya”ya istinadən xəbərinə görə, bu barədə Baş nazir Petr Fiala jurnalistlərə müsahibəsində məlumat verib.
“Tarixdə ilk dəfədir ki, Çexiya Rusiyadan deyil, tam şəkildə Qərbdən neftlə təmin olunur. Trans-Alp (TAL+) neft kəməri və daha sonra IKL (Ingolstadt Kralupy Litvinov) kəməri vasitəsilə bizə ildə 8 milyon tona qədər neft daxil ola bilər və bu, şübhəsiz ki, bütün Çexiyanın istehlakını ödəməyə kifayət edəcək”, – deyə Petr Fiala bildirib.
Onun sözlərinə görə, TAL+ kəmərinin genişləndirilməsi artıq İtaliyadan ilk tədarükləri almağa imkan verib.
Qeyd edək ki, Rusiyanın “Drujba” boru kəməri ilə Çexiyaya neft idxalı martın 4-də dayandırılıb. 2024-cü ildə Rusiya xammalının tədarükünün ümumi həcmi 42% təşkil edib.
Bununla belə baş nazir əmindir ki, bu, istehlakçılar üçün heç bir təhlükə yaratmır.