Türkiyəli iş adamları “Mərhəmət elçisi” mükafatına layiq görüldülər - FOTO
Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Mərhəmət Gecəsi” çərçivəsində xeyriyyəçilik fəaliyyətinə töhfə verən şəxslər mükafatlandırılıb.
Yenicag.az xəbər verir ki, tədbir “Ümid yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı və Baku Media Mərkəzinin dəstəyi ilə respublikada ilk dəfə baş tutub. Gecədə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT rəhbərləri, incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində xeyriyyəçilik və korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərinə xüsusi töhfə verən şəxslər mükafatlandırılıb. Belə ki, sosial layihələrə verdiyi davamlı dəstəyə görə “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın və “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Osman Karakuş “Mərhəmət elçisi” mükafatına layiq görülüblər.

Mükafatlar laureatlara cəmiyyətdə xeyriyyəçilik ənənələrinin təşviqi və həssas qruplara göstərdikləri təmənnasız qayğıya görə təqdim edilib.
Samir Məcidov













