Bu tarixi abidə yoxolma təhlükəsilə üzləşib – FOTO / VİDEO

Baxımsızlıqdan uçub dağılan karvansara yoxolma təhlükəsilə üzləşib.

Azərbaycan Böyük İpək Yolu üzərində yerləşdiyindən tarixən karvan yolları keçən ərazilərdə tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunurdu.

Hazırda Azərbaycanın əksər bölgələrində qədim karvansaraların qalıqlarına rast gəlinir. Bu qalıqlar  eyni zamanda aid olduqları ərazinin tarixini öyrənməyə imkan verir.

Yenicag.az Report-a istinadən xəbər verir ki, sözügedən karvansaralardan biri də Abşeronda yerləşən “Miəcik” karvansarasıdır. Orta əsrlərə aid memarlıq abidəsi Abşeron rayonunun Pirəkəşkül kəndi yaxınlığında yerləşir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir.

Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun 2-ci Xəlilullah (1524-1535) olduğunu söyləmək olar. Təəssüf ki, tariximizin izini daşıyan qiymətli abidə  bu gün diqqətdən kənarda qalıb. Baxımsızlıqdan uçub dağılan karvansara yoxolma təhlükəsilə üzləşib. Bəs, görəsən, mədəniyyət nümunəsinin qorunmamasına səbəb nədir?