“Bu, Türkiyənin təhlükəsizliyinə açıq şəkildə təhdiddir” – Türk millət vəkili

Suriyanın şimalında cərəyan edən hadisələrlə bağlı fikirlərini Yenicag.az-a açıqlayan Türkiyə Böyük Millət Məclisi xarici əlaqələr komissiyasının üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) Hatay üzrə millət vəkili Fevzi Şanverdi Türkiyənin “qırmızı hədd”indən bəhs edib:

“Cənab prezidentimizin dəfələrlə vurğuladığı kimi, Suriyanın ərazi bütövlüyü bizim əsas hədəfimizdir. Biz bir ölkənin sərhədlərinin orada yaradılması planlaşdırılan başqa strukturlar hesabına dəyişdirilməsinin qəti əleyhinəyik. Bu mövqeyimizi Astana prosesində də nümayiş etdiririk. Suriyada “döyüşsüz bölgələr” məfhumunu hakim tutmaqla, sülhə nail olmağa çalışmışıq. Son dövrdə cərəyan edən hadisələrdə Türkiyənin narahatlığına səbəb olan məqamları bundan əvvəl də vurğulamışıq. Onların bizim “qırmızı həddimiz” olduğunu və bu mövqeyimizdən qətiyyən geri addım atmayacağımızı açıq və qapalı görüşlərdə ən yüksək səviyyədə müttəfiqlərəmizə çatdırmışıq.

Ancaq buna baxmayaraq, müttəfiqlərimiz bölgədəki terror təşkilatlarının birindən o birinə qarşı istifadə edərək “mübarizə” aparmaqdadır. Bir daha təkrarlayıram, onların bu “mübarizəsi” Türkiyənin təhlükəsizliyini açıq şəkildə təhdid edir. Odur ki, ölkəmizin təhlükəsizliyinə qarşı təhdid təşkil edən bu məsələdə millətimiz tamamilə cənab prezidentimizin ətrafında birləşib. Allah imkan verərsə, Türkiyə Cümhuriyyəti müttəfiqlərimizin bizə qarşı laqeydlik etdiyi bu günləri də geridə qoyacaq. Ancaq müttəfiqlik münasibətlərimizin tarixində bu səhifələrin heç də ağ şəkildə qalacağına ehtimal vermirəm”.

COP29