ABŞ-ni qarışdıran kibertəhlükəsizlik QALMAQALI: Strateji qurumlar MOSSAD-a bağlı şirkətə necə təslim edildi?
ABŞ federal hökumətinin kibertəhlükəsizlik sistemi kökləri İsrail hərbi kəşfiyyatı və MOSSAD-a gedib çıxan “Axonius” adlı bir şirkətə verilib.
Yenicag.az xəbər verir ki, Pentaqon, ABŞ Xəzinə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi (DTN) və Enerji Nazirliyi də daxil olmaqla, 70‑dən çox federal qurumun rəqəmsal infrastrukturunun idarə olunması bu firmaya həvalə edilib.
Vaşinqtonda bu durum “milli təhlükəsizlik açığı” kimi qiymətləndirilir və ABŞ Konqresinin Nümayəndələr Palatası səviyyəsində məsələ ilə bağlı araşdırma başlanacağı bildirilir.
“Axonius” 2017-ci ildə İsrail ordusunun gizli rəqəmsal kəşfiyyat bölməsi kimi tanınan “Unit 8200”də çalışmış üç zabit – Dean Sisman, Ofri Şur və Avidor Bartov tərəfindən qurulub. Şirkət yaranandan az sonra ABŞ–İsrail əlaqəli sərmayəçilərdən milyonlarla dollar maliyyə dəstəyi alıb. İlk investorlar arasında Tel-Əviv mərkəzli “Vertex Ventures” və keçmiş İsrail hərbi kəşfiyyatçılarının idarə etdiyi “YL Ventures” kimi qurumlar var. Bu gün “Axonius”un 800‑dən çox əməkdaşının böyük hissəsi Tel-Əvivdə yerləşir və onların əksəriyyəti İsrail ordusunun keçmiş kibertəhlükəsizlik qurumlarından çıxan mütəxəssislərdir.
Məsələni Yenicag.az-a şərh edən beynəlxalq ekspert Mişal Nurun sözlərinə görə, şirkətin hazırladığı sistem dövlət qurumlarında işlənən bütün cihazların, şəbəkələrin və istifadəçi hərəkətlərinin vahid mərkəzdə toplanmasına əsaslanır:
“Rəsmi izaha görə məqsəd “məlumatın tam görünürlüğünü təmin etmək”dir. Amma praktikada bu proqram ABŞ ordusundan tutmuş, Xəzinə Nazirliyinə qədər milyonlarla federal əməkdaşın giriş–çıxış qeydlərini, sayt hərəkətlərini və istifadəçi kimliklərini toplayıb analiz edir. Ən çox narahatlıq doğuran məqam isə bu məlumatların ABŞ daxilində yox, İsraildə yerləşən serverlər üzərindən emal olunmasıdır”.
Mişal Nur qeyd edib ki, DTN 2024-cü ildə rəsmən “Axonius” ilə işləməyə başlayıb. Həmin ilin dekabrında Pentaqon da 24 saatlıq fasiləsiz izləmə sisteminin təkmilləşdirilməsi üçün şirkətlə yeni müqavilə bağlayıb. Yalnız 2023-cü ildə Müdafiə Logistika Agentliyi tərəfindən “Axonius-a 4,3 milyon dollar ödəniş edildiyi qeyd olunur.
Ekspertin fikrincə, ABŞ–İsrail münasibətləri fonunda bu əməkdaşlıq ciddi tənqidlər doğurur:
“Keçmişdə İsrailin Ağ Ev və ətrafında dinləmə cihazları yerləşdirməsi, müxtəlif casusluq əməliyyatları ilə bağlı iddialar uzun illərdir, Vaşinqtonda müzakirə mövzusudur. Bu tarixi fonda, xüsusilə də Donald Tramp administrasiyasının federal kibersistemin mühüm hissələrini birbaşa İsrail kəşfiyyatı ilə əlaqəli bir şirkətə açması Nümayəndələr Palatasında “Troya atı” ifadəsi ilə tənqid olunur. ABŞ Konqresinə yaxınlığı ilə tanınan “The Hill” nəşri məsələylə bağlı rəsmi araşdırma başlanacağı barədə məlumat yayıb”.
Mişal Nur bildirib ki, Nümayəndələr Palatasından sızan məlumatlara görə, “Axonius” müqaviləsi ABŞ-nin rəqəmsal təhlükəsizlikdə İsrailə struktur səviyyəsində asılı olduğunu açıq şəkildə göstərir:
“Bəzi Konqres üzvləri bildirirlər ki, İsrail hər il ABŞ-dən aldığı milyardlarla dollarlıq yardım və maliyyə dəstəyi ilə yüksək texnologiya sahəsində irəliləyir, daha sonra həmin texnologiyanı yenidən Vaşinqtona sataraq həm iqtisadi, həm də kəşfiyyat baxımından ikiqat qazanc əldə edir”.
Qısacası, ABŞ-nin dövlət kibertəhlükəsizliyi uzun illər bu ölkədə casusluq fəaliyyəti ilə ittiham olunmuş bir dövlətin kəşfiyyat köklü şirkətinə etibar edilirsə, bu, yalnız texniki deyil, həm də ciddi siyasi və strateji risk daşıyır.
Amir Aqiloğlu












