“Gəncə sərdabələri” barədə ilk dəfə “Novaya epoxa” saytının redaktoru, həmkarım Qafqaz Ömərovdan eşitdim. Düzü, inanmadım. O da israrla bildirdi ki, əgər yolun Gəncədən düşsə, yerli camaatdan soruşarsan. Mən yenə etiraz edirdim: axı bu, ola bilməz! Gəncə kimi ənənələrə sadiq bir şəhərdə tamamilə İslamazidd adətin qalması necə mümkündür? Eşitdiklərimin nə dərəcədə doğru olub-olmadığını öyrənməyin isə bir yolu vardı: göz şahidi olmalıydım. Və günlərin birində ya təsadüfün, ya da zərurətin diktəsindən yolum qədim diyara düşdü. Və mən “Gəncə sərdabələri”nin əfsanə yox, həqiqət olduğunu gördüm…
Torpağa basdırılmayan meyitlər
Gəncədə olub, məşhur “İmamzadə” ziyarətgahına baş çəkməmək mümkün deyil. Bura, hər gün minlərlə inanclı insan gəlir, qurban kəsir, nəzir paylayır, namaz qılırlar. “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə aid tarixi abidədir və deyilənə görə, burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Zamanın qovğasından çıxan bu iman yeri Prezident İlham Əliyevin imzaladığı sərəncamla yenidən bərpa olunub. Yerli sakinlərin sözlərinə görə, hələ sovetin qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda bu məkanda “Aşura” günləri xüsusi qeyd edilər, adam əlindən tərpənmək olmazdı. Sinə vurub, “ah Hüseyn, vah Hüseyn” deyənlərin səsindən, “şaxsey” deyib, özlərini zəncirlə döyənlərin naləsindən qulaq tutularmış. Amma son illər, daha doğrusu, Gəncə şəhərinə yeni icra başçısı təyin olunandan bəri “Aşura” günlərində bu cür “vaygirlik” yığışdırılıb, insanlar mədəni surətdə gəlib, nəzir verir, dualar oxuyur, zəncir vurmaq əvəzinə isə qanvermə aksiyası keçirilir, vəssalam.
“İmamzadə” kompleksi təmirdən sonra ətrafdakı qəbirlərdən tam təcrid olunub, ortaya hündür hasar çəkilib. Hasarın o biri üzündə isə sanki başqa dünya var. Yerlə-yeksan olmuş köhnə qəbirlər, ikiyə bölünən başdaşları, içərisi görünən adsız məzarlar və sərdabələr… Bəli, mən haqqında eşitdiyim “Gəncə sərdabələri”nə burada rast gəldim. Bələdçim ömrünün 20 ilini burada qəbir qazmaqla keçirən Nəriman kişidir. Dediyinə görə, məzarlıqda ən qədim sərdabənin az qala 1500 yaşı var.
Sərdabələr bir növ ailənin dəfn otağı mahiyyətini daşıyır. Qədim sərdabələr gümbəzli, birotaqlı tikililərdən ibarətdir. Dünyasını dəyişən insanlar doğmaları tərəfindən kəfənlənir və otağın ortasındakı xüsusi yerə qoyulur. Yəni cəsəd basdırılmadan çürüyür. Növbəti ölü yenə həmin yerə qoyulur, ondan əvvəlki cəsədin sümükləri isə süpürülüb, bir tərəfə yığılır. Əgər qısa müddətdə bir ailədən bir-iki nəfər ölürsə, əvvəlki mərhum yenisi ilə bir qədər “mehribanlaşmalı” olur. Qədim sərdabələrin üzərində dünyasını dəyişmiş bütün ailə üzvlərinin şəkil və adları var.
Burada məşhur nəsillərin sərdabələri yerləşir. Bələdçimin köməkliyi ilə ən qədim sərdabələrdən birini – Şeyxülislam Məhəmməd Pişnamazzadə nəslinin məzar yerini tapıram. Burada ən azı 15 adam dəfn olunub. Qapı qıfıllıdır. Ətrafda ərimiş şam qalıqları var. Hisdən qaralmış divar, torpağa səpələnmiş buğda inanclı insanların şeyxülislamın qəbir evini tez-tez ziyarət etdiyindən xəbər verir.
Qəbiristanlığın giriş qapısında dayanmış kişi bizə yaxınlaşır:
“Götürün bu buğdanı, orda qərib imamın qəbri var, onun üstünə atın ki, cənnət göyərçinləri gəlib yesin, onun da ruhu sizə duaçı olsun”. Dinməz-söyləməz əməl edirik. Müxtəlif saplar və yaylıqlardan az qala görünməz olan dəmir çəpərin ortasındakı məzarın üstü başdan-ayağa buğda ilə örtülüb. “Bu qədər buğdanı göyərçinlər heç 1 ilə yeyib qurtara bilməzlər”, fikri ilə deyilənə əməl edir, əlimizdəki dəni yerə səpirik.
Öz yerlərindən utanıb, atasını yad bir sərdabədə “dəfn etdi”
Bələdçimiz Nəriman bizə təzə sərdabələri də göstərir. Müasir məzar yerləri artıq bir qədər fərqlidir. Bu cür sərdabələr mənə üstü beton lövhələrlə örtülmüş hovuzu xatırlatdı. Qısa təsvir isə belədir: beton lövhələrin üstündə sinə daşları yoxdur. Başdaşına şəkil vurulub, ad-soyad, doğum və ölüm tarixi yazılıb. Sərdabənin qarşı tərəfində, yerdə çox da böyük olmayan mərmər lövhə var. Bu, giriş qapısıdır. Nərimanın sözlərinə görə, içəri bir adam boyundadır. Onun sözlərinə görə, ölü sahibləri bu qapıdan içəri düşür, köhnə cəsədin sümüklərini səliqə ilə bir tərəfə yığaraq, yeni rəhmətə getmiş adamı həmin yerə qoyurlar. Son vaxtlar isə meyitlər elə sərdabənin içindəcə torpağa tapşırılır. Beləcə, çox vaxt bir neçə ölü bir qəbirdə üst-üstə dəfn olunur.
Bu qəbiristanlıqda olduqca ehtiyatla gəzmək lazımdır. Addımını qoyduğun yerə diqqətlə baxmalısan, çünki bu ruhlar diyarında kiminsə sinə daşının üstünə çıxa bilərsən. Nəriman söhbətindən qalmır. Sərdabələrlə bağlı maraqlı bir əhvalat danışır.
“Gəncədə çox baməzə bir kişi var. Günlərin birində bunun atası ölür. Onların da ailə sərdabəsi çox miskin və köhnə olduğundan kişi atasını o yerə layiq bilmir. Bir-iki dostu ilə məsləhətləşib, atasını adlı-sanlı, bərli-bəzəkli bir sərdabəyə qoyub, gedir. Fikirləşir ki, sahibi onsuz da Rusiyada yaşayır, Allah bilir nə vaxt gəlib çıxar. Üstündən 1 həftə keçir, bəxtdən həmin sərdabənin Rusiyada yaşayan sahibinin də atası ölür. Oğul da atasını “dəfn etmək” üçün gələndə görür ki, içəridə ölü var. Aləm dəyir bir-birinə… Kişini gecəykən evindən çıxarıb gətirirlər. O da heç halını pozmadan qayıdır ki, sənin qadan alım, dünya dağılmayıb ki… Sən də apar atanı bizim sərdabəyə qoy…”.
Qapını qıfıllayıb, ölünü sərdabəyə “buraxmadı”…
Sərdabədə axirəti “gözləmək” hər ölüyə nəsib olmur. Ailədaxili münaqişələr bir-birinə düşmən kəsilən qohumların eyni yerdə “dəfn” olunmağına da təsir edir. Bələdçimiz deyir ki, bu cür hadisələri çox görüb. Hətta bu yaxınlarda bir kişi hirsindən sərdabənin qapısının açarını udub. Səbəb sadə imiş: o illərdən bəri küsülü olduğu qardaşı arvadının meyitini ailə məzarlığına “buraxmaq” istəmirmiş.
Yazını hazırlayarkən, haqqında eşitdiyim və gözümlə gördüyüm sərdabə barəsində məlumatları bir qədər də dəqiqləşdirmək, bu cür dəfn adəti barədə İslama bələd olan insanın da fikrini öyrənməyi özümə borc bildim. İlahiyyatçı-alim Yaşar Qurbanov sözügedən dəfn prosesi barədə ilk dəfə bizdən eşitdiyindən heyrətləndi:
“Siz nə danışırsız? Mənim bundan qəti xəbərim yoxdur. Olsaydı, çoxdan bu barədə radio və televiziyada çıxışlar etmişdim. Dinimizə görə, bu, haramdır. Dediyiniz dəfn mərasimi isə İslam mədəniyyəti, İslam əxlaqı deyil. Bu, batil bir etiqaddır. Bu, keçmiş bütpərəstlikdən, fironlardanqalma ənənədir. Buna oxşar dəfn adəti qədim Misirdə olub. Orada bu, mumiyalanma şəklində həyata keçirilirdi. İnsanlar inanırdılar ki, ölən adamın ruhu sonradan özünə qayıdacaq və o, ikinci dəfə dünyaya gələcək. Başqa bir inanca görə, ölən adam mumiyalananda o biri dünyada da real həyatda olduğu kimi yaşayır. Yəni, öz mövqelərini o biri dünyada da qoruyur. Əgər sərdabə İslam dinində, adət-ənənəsində qəbul edilən olsaydı, o zaman peyğəmbərimizin, onun ən yaxınlarının da sərdabələri olardı. İslam dini bütün bunları təkzib edir. İslam qaydalarına görə, hər hansı insan vəfat edəndə 4 əsas əməl yerinə yetirilir. Meyit yuyulur, kəfənlənir, cənazə namazı qılınır və torpağa tapşırılır. Ölü üçün bunlardan başqa heç nə tələb olunmur. Bunu peyğəmbərimiz (s.ə.s) də belə buyurub. Bu 4 tələbdən kənara çıxanlar İslam dinindən irəli gələn dəfn qaydalarını kobud şəkildə pozurlar. Dediyiniz dəfn isə ölüyə əziyyət vermək deməkdir. İnsan üçün bundan böyük günah yoxdur”.
Zakirə Zakirqızı
Yenicag.az