"C130" təyyarəsi niyə qəzaya uğradı? - Səxavət Məmmədin VERSİYASI
Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb və təyyarədə olan 20 hərbçi həlak olub. Türkiyəyə məxsus, Gəncədən qalxan və Gürcüstan sərhədində radardan itən C-130 tipli təyyarə standart hərbi transport (yükdaşıyan) versiya idi. Yəni, onun üzərində yüksək səviyyəli radioelektron mübarizə (REM) sistemləri və ya raketdən müdafiə texnologiyaları olmaya bilərdi, yaxud məhdud formada olub. Bu tip təyyarələrdə REM və raketdən müdafiə texnologiyaları olsa belə, əgər təyyarə münaqişə zonasında uçuş həyata keçirmirsə, sözügedən sistemlər passiv vəziyyətdə olur.

Qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı hazırda müxtəlif versiyalar irəli sürülür. Təyyarənin vurulmasından tutmuş, içəridə hansısa sursatın partlamasına və texniki problemlərə qədər müxtəlif fikirlərə rast gəlmək olar. İddia olunur ki, təyyarə vurula bilər. Əgər təyyarə 8 km hündürlükdə yanmağa başlayıbsa, bu o deməkdir ki, təyyarəni vura biləcək raketlər mütləq şəkildə Azərbaycan və Gürcüstanın radarlarına yaxalanmalı idi. Lakin Rəsmi Bakı və Tiflisdən bu yöndə açıqlama olmayıb.
Radioelektron mübarizə vasitəsi ilə təyyarəyə müdaxilə etmək imkanları da mümkündür. Ancaq təyyarənin uçduğu istiqamətdə bu tip sistemlərin olub-olmaması məlum deyil.
Digər variant isə təxribatdır. Yəni, təyyarəyə bomba qoyulur və partladılır. Bu variant isə inandırıcı versiya deyil. Çünki bu tip təyyarələr hava limanlarında mühafizə olunur. Ona görə də, bu versiyanı cəfəng hesab edirəm.
Digər versiya isə təyyarənin texniki problemlər üzündən qəzaya uğramasıdır. Bu variant daha real görünür. Çünki C-130 yük təyyarələrinin çoxlu sayda qəzaya uğraması faktı var. Hətta bu günə qədər qəzaların toplam sayının 327 olması barədə statistik rəqəmlər mövcuddur. Bundan əlavə, bu qəzalarda ölənlərin ümumi sayı 3466 nəfərdir. Türkiyəyə məxsus C-130 təyyarəsi 1958-ci ildə istehsal olunub, 1964-cü ildə Türkiyə ordusunun istifadəsinə verilib. Yəni, təyyarə nə qədər modernizə edilsə belə, platforması köhnədir. Ona görə də, mühərrikin yanması, yaxud sıradan çıxması, elektron sistemində nasazlıq daha real versiya kimi görünür.
Türkiyəli ekspertlər belə, təyyarənin kənar müdaxilə olmadan qəzaya uğradığı versiyası üzərində dururlar. Ancaq Azərbaycanda bu məsələyə tamamilə fərqli yanaşmalar mövcuddur. Təyyarənin qara qutusu artıq tapıldığı üçün ən geci 10 günə təyyarənin hansı səbəblərdən qəzaya uğraması məlum olacaq.












