Cabir İmanovun cənazə namazını “vəhhabi” qıldırıb? - AD AÇIQLANDI
Sosial mediada bir neçə gün öncə vəfat edən Əməkdar artist Cabir İmanovun cənazəsi ilə bağlı iddialar yayılıb.
Yenicag.az xəbər verir ki, mərhum aktyorun cənazə namazının “vəhhabi” tərəfindən qıldırıldığı na dair məlumatlar yayılıb.
Mərhumun yaxınlaırının Yenicag.az-a bildirdiyinə görə isə bu barədə iddialar həqiqət deyil.
Onun cənazə namazının bir vaxtlar cəmiyyətdə “Əbu Bəkr” məscidi kimi tanınan və bağlı qalan məsciddə qılınması barədə yayılanlara aydınlıq gətirən yaxınları bu məscidin Nərimanov rayon Cümə məscidi olması və cənazə namazının da dövlətin təyin etdiyi imam Ceyhun Rüstəmov tərəfindən qılındığını bildirib.
Yəni iddiaların əksinə olaraq, mərhumun cənazə namazı hər hansısa radikal dini şəxs deyil, dövlətin nəzarətində olan məsciddə, yenə dövlətin təyin etdiyi şəxs tərəfindən icra olunub.
Sadəcə cənazənin dəfnində bir vaxtlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlının hazırlatdığı hesabatda “Azərbaycanda əsas təhlükə mənbəsi” adlandırdığı və 10 ilə yaxın Azərbaycandan uzaqda yaşayan radikal şəxsin iştirakı bu barədə iddiaları gücləndirib. Həmin şəxsin Suriyadakı “cihad”ı dəstəkləməsi və radikallığına dair iddialar mətbuatda mövcuddur. Sosial mediada şəxsin fotosunun paylaşılması dindar seqmentdə birmənalı qarşılanmayıb və mərhum aktyor barədə iddialar səsləndirilib.