Çavuşoğludan Rusiyanı tənqid edən bəyanat
NATO-nun aparıcı üzvü olan Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvanın xarici siyasətini kəskin şəkildə tənqid edib.
Çavuşoğlu bildirib ki, Ankara Rusiya ilə Qərb arasında Ukrayna böhranına görə konstruktiv rol oynamağa hazırlaşıb. Nazirin sözlərinə görə, heç nə Rusiyanın öz qonşusuna qarşı etdiyi hərəkətə haqq qazandıra bilməz. Qeyd edək ki, Çavuşoğlu bu fikirləri Ukrayna, Krım və Gürcüstandan danışarkən bildirib.
O həmçinin qeyd edib ki, Ankara Krım tatarlarının taleyindən də narahatdır. Onun sözlərinə görə, bir qrup türk hüquqşünas tatarların Krımdakı vəziyyəti ilə tanış olmaq üçün ora səfər edib. Çavuşoğlu hesab edir ki, Qərb Ukraynanı Avropa və Rusiya arasında seçim kimi təqdim etməklə səhv edib.
Qeyd edək ki, Moskva-Ankara münasibətləri Putinin uydurma erməni soyqırımı mərasiminə qatılmasından sonra gərginləşib. Türkiyə prezidenti Ərdoğan da Moskvada Qələbə günü paradına qatılmaqdan imtina edib. Həmçinin Türkiyə XİN Rusiya XİN-lə nəzərdə tutulan məsləhətləşmələri təxirə salıb.