Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün hərbi əməliyyatların aparıldığı vaxtda ölkədə sosial şəbəkələrin fəaliyyətinə qoyulan məhdudiyyətlər hərbi ekspertlər tərəfindən tam doğru qərar kimi dəyərləndirilir.
Yenicag.az xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov bunun düşmənin informasiya cəbhəsində təxribatçı məqsədlərinin qarşısını aldığını vurğulayıb. O bildirib ki, dövlət səviyyəsində sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı qəbul olunan qərar düzgündür. Ancaq bəzi proqramlar vasitəsilə insanlar həmin sosial şəbəkələrdən istifadə edirlər. Bundan yararlanan düşmən ümumiyyətlə sosial şəbəkələrə çoxlu sayda videolar və şəkillər yayır. Videoların bəzilərinə mütəxəssis olmayan, mülki insan baxanda onu olduğu kimi qəbul edir. Bu dezinformasiya birinci növbədə insanların beyninə müəyyən təsir göstərmək məqsədi daşıyır. Ancaq həmin videoya baxan insan onun montaj, yoxsa birinci müharibədə olan epizodlar, bunun Azərbaycan tərəfindən vurulan erməni texnikası, yoxsa düşmənin tankı olduğunu ayırd edə bilmir. Peşəkar olmayan insanlar “fake” məlumatlarda vacib təfərrüatları bilmədikləri üçün tez aldanırlar.
Şair Ramaldanov cəbhədəki hadisələrlə bağlı foto və videolardakı incəliklərə diqqət yetirilməsinin vacibliyini bildirib. Məsələn, texnika vurulubsa, onun qalıqları, duruş istiqaməti və ya insandırsa onun geyimi, ətrafında baş verən hadisələrin ona təsiri xəbərin doğru və ya yalan olduğunu həmişə üzə çıxarmağa imkan verir.
Ehtiyatda olan polkovnik deyir ki, müharibə şəraitində dezinformasiyalardan istifadə edilir. Ona görə düşmənin maraqlarına xidmət edən belə materiallara inanmamaq, onları yaymamaq ordumuza dəstək baxımından çox önəmlidir. Unutmayaq ki, yalnız rəsmi mənbələrimizin yaydığı məlumatlara etibar etməklə biz həm də ümumi qələbəmizə töhfə vermiş oluruq.
www.yenicag.az