300 milyardlıq “İran layihəsi”: ABŞ-nin gizli strategiyası regional nizamı necə dəyişir? - TƏHLİL

media-hightechnic-468x90

 

media-banner_tuq

 

“Seçkilər yaxınlaşır. ABŞ ya yeni eskalasiyaya getməli, ya da diplomatik masada razılaşma əldə etməli idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

media-img_7829

Növbəti mərhələdə regionda güclər necə dəyişəcək? 60 gün ərzində tam sülh olacaq, yoxsa hər şey dəyişib əvvəlki müharibə şəraitinə qayıda bilər? Nələr baş verir bölgədə?

Bu və digər sualların cavabını şərhçi ətraflı cavablandırıb:

“ABŞ-İran müharibəsində mütləq qalib olmasa da, İran dəhşətli hücumlara rəğmən məğlub olmadı. Anlaşma memorandumuna baxdıqda ABŞ-nin zənginləşdirilmiş uranın İrandan çıxarılması tələbinin əvəzinə durulaşdırılması ilə əvəz olunduğunu, ballistik raketlərin məhdudlaşdırılması və proksilərə dəstəyin dayandırılması tələbinin yer almadığını görürük. Əksinə, İranın razılaşmanın bütün cəbhələrə, o cümlədən Hizbullaha da şamil edilməsi və digər önəmli tələblərinin memorandumda yer alması İranın prosesdən strateji qazanc əldə etdiyini söyləməyə əsas verir. Halbuki İran müharibədən öncə də zənginləşdirmə faizini aşağı salmağa hazır olduğunu bildirmişdi.

ABŞ isə daha çox dövlətin deyil, hökumətin maraqlarını özündə ehtiva edən taktiki addımlar atdı. Amma bu nəticə uzaq perspektivdə ABŞ-nin Yaxın Şərqdəki maraqlarına zərbə vuracaq”.

ABŞ İrana 300 milyard dollar ödəyəcək? Nə qarşılığında? sualına isə Ə. Zülfüqaroğlu belə cavab verib:

“ABŞ İranın bərpası üçün 300 milyard dollarlıq fondun yaradılması ilə razılaşmasını, İran daxili ictimai rəyə təzminat kimi təqdim etməyə çalışacaq. Bu amil aralıq seçkilərində demokratlar tərəfindən ABŞ hökumətinə qarşı uğursuzluq kimi təqdim olunacağına görə, Tramp “bir sent belə verməyəcəyik” açıqlamasına ehtiyac duyur. Əslində, həqiqətən də ABŞ dövlət büdcəsindən İrana maliyyə ayrılmasından söhbət getmir. Burada ABŞ, Körfəz ölkələri və digər dövlətlər tərəfindən qoyulacaq investisiyadan söhbət gedir. ABŞ-nin burada maraqlarını təmin edən məqam fondun icra mexanizminə nəzarət olunacağının razılaşdırılmasıdır. İran isə bərpa üçün xarici investisiyaya ehtiyac duyur və buna görə də bunu maraqlarına uyğun hesab edir.

Körfəz ölkələri isə İran tərəfindən aldığı zərbələrdən sonra fərqli yanaşma sərgiləyir, yəni burada daha çox iqtisadi deyil, siyasi divident qazanacağını düşünür. Yəni qoyacağı investisiya ilə İran iqtisadiyyatına təsir imkanı əldə edəcək ki, bu, körfəz ölkələri tərəfindən uzaq perspektivə hesablanmış addım kimi dəyərləndirilməlidir. Hazırda 300 milyardlıq fond daha çox İranın strateji, ABŞ hökumətinin isə taktiki yanaşmalarına xidmət edir.

Amma uzaq perspektivdə bu razılaşma ABŞ-nin Yaxın Şərqdəki mövqelərinə ciddi zərbə vura bilər. Çünki ABŞ körfəz ölkələrini “İran təhdidi” faktoruna görə rahat şəkildə idarə edə bilir. Körfəz ölkələrinə məxsus maliyyə ehtiyatlarının böyük hissəsi ABŞ şirkətləri daxil olmaqla, ABŞ-yə məxsus digər sektorlara yatırılır və ABŞ bundan fayda əldə edir. Amma ABŞ-İran razılaşması və körfəz ölkələrinin İrana yatırım etməsi o deməkdir ki, növbəti mərhələlərdə “İran təhdidi” arqumenti İranla əməkdaşlıq imkanlarına çevriləcək. Bu da bölgənin əslində ABŞ “çətirinə” ehtiyacının olmadığını önə çıxaracaq. Körfəz İranla əməkdaşlığın inkişafında maraqlı olacaq. Bu isə ABŞ-nin bölgədəki dayaqlarını sarsıdacaq. Yəni Vaşinqtonun Təl-Əvivin tezislərinə əsaslanan yanlış strategiyası “İran təhdidi” arqumentini aradan qaldırır ki, bu da ilk növbədə körfəz ölkələri və İranın strateji maraqlarına cavab verir. Bu ssenarinin möhkəmlənəcəyi o deməkdir ki, İsrailin illərlə formalaşdırdığı nizam çökəcək. Bu kontekstdə məsələyə baxsaq, o zaman Təl-Əvivin ABŞ-ni qarşısına almasına rəğmən Livana hücumları davam etdirməklə niyə bu qədər ciddi risk etdiyi aydın olur”.

Müsahibimiz Amerikada yaxınlaşan seçkilər və müharibənin seçkilərə mümkün təsiri məsələsinə də toxunub:

“Qarşıdan aralıq seçkiləri gəlir və vəziyyətin qeyri-müəyyən olması ABŞ hökumətinin maraqlarını təhdid edirdi. ABŞ ya yeni eskalasiyaya getməli idi ki, bu çox ciddi risk daşıyırdı, ya da diplomatik masada razılaşma əldə olunmalı idi. ABŞ daha az riskli olan diplomatiyaya üstünlük verdi. Təbii ki, demokrat konqresmen və senatorlar indidən əks-təbliğata başlayıblar. Bu o deməkdir ki, respublikaçıların bu razılaşmanı qələbə kimi təqdim edərək təbliğat aparmaq imkanları xeyli məhdud olacaq.

Razılaşmanın tələsik onlayn imzalanması isə İsrail faktoruna görə idi. ABŞ daxilində İsrail lobbisi ilə “öncə Amerika” tərəfdarları arasında ciddi qarşıdurma var. Netanyahunun Vaşinqtona tələsik səfər etmək istəyi də Trampı fikrindən daşındırmağa cəhd idi. Ona görə də Tramp memorandumu tələsik imzalamağa qərar verdi.

Burada əsas zərbəni Təl-Əviv aldı. Beynəlxalq ictimai dəstəkdən nəinki tam məhrum oldu, bütün dünyanı özünə qarşı çevirdi. Ona dəstək verən ABŞ hökuməti ilə münasibətlər pisləşdi və Netanyahunun məhkəmə perspektivləri daha da möhkəmləndi. Vensin bunu açıq şəkildə dilə gətirməsi isə İsrail hökuməti üçün diplomatik fiaskodur.

İran Xarici İşlər naziri Araqçinin ABŞ-İran arasında razılaşmanın eyni zamanda İsrail və Hizbullahı da əhatə etdiyini deməsi isə hesab edirəm ki, təsadüfi səsləndirilməyib. Araqçi İsraili Hizbullahla eyni tərəziyə qoymaqla, Təl-Əvivi Vaşinqtonun proksi qüvvəsi hesab etdiklərini önə çəkir. Bununla ABŞ hökumətinə İsrailə təzyiqlərin artırılmasının zəruriliyi mesajını verir. Bu proseslər fonunda Vensin İsrail hökumətini açıq tənqid etməsi təsadüfi deyil.

Proseslər elə bir mərhələyə gəldi ki, Təl-Əvivin İranla bağlı arqumentləri aradan qalxdı və özünə qarşı yönəldi. Yəni hazırkı mərhələdə İrana hücum Təl-Əviv üçün intihara bərabər addımdır. Amma Livana hücumun davam etdirilməsi və İsrail rəsmilərinin müstəqil aktor kimi razılaşmaya daxil olmadıqlarını bəyan etməsi ABŞ-İran anlaşmasının növbəti dəfə sabotaj edilmə cəhdidir. Bu amil danışıqlar prosesinin qarşısında ən böyük maneə olaraq qalır.

Bütün bunlara rəğmən, biz bura ABŞ-dəki Dünya Sionist Təşkilatında təmsil olunan sağçıların ABŞ-də bilinən və bilinməyən təsir imkanlarını nəzərə alsaq, danışıqlar prosesinin dayanıqlı olmadığını söyləmək olar. Buna görə də düşünürəm ki, ABŞ hökumətində təmsil olunan “öncə Amerikaçılar” ilk növbədə Netanyahu, Ben Qvir və Smotriçi neytrallaşdırmağa çalışacaq. Bunun üçün isə ən optimal yol İsraildə baş tutacaq seçkidir.

Amma təbii ki, İsrail teokratiyası geri addımın onlar üçün intihar olduğunu düşünür. Bu baxımdan hesab edirəm ki, Livana hücumları genişləndirməklə, ənənəvi yanaşmanı davam etdirməklə ABŞ-İran danışıqlarına maneələr yaratmağa çalışacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05