Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyur - DEPUTAT
Bu gün Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyur. Müasir şəhərsalma prinsipləri əsasında qurulan yeni infrastruktur, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri Cəbrayılın sabahına inamı artırır.
Bu fikirləri Yenicag.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva 4 oktyabr – Cəbrayılın işğaldan azad olması günü ilə bağlı açıqlamasında bildirib.
“Cəbrayıl rayonu Azərbaycanın cənub-qərbində yerləşən, zəngin təbii ehtiyatlara və qədim tarixə malik bölgədir. Bu ərazi həm strateji-coğrafi mövqeyinə, həm də mədəni irsinə görə mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində Ermənistanın işğalında qalan Cəbrayıl 1993-cü ilin avqust ayında düşmən qüvvələri tərəfindən işğal edilmiş, nəticədə on minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlər tamamilə dağıdılıb. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini azad etdi. Bu, həm hərbi baxımdan, həm də mənəvi-siyasi planda mühüm dönüş nöqtəsi idi. Şəhərin azad olunması, sonrakı döyüşlərə yol açaraq Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad olunmasına zəmin yaratdı. Azərbaycan xalqı əmindir ki, Cəbrayıl rayonunun tam bərpası, burada həyatın yenidən canlanması ilə Vətən müharibəsində qazanılmış qələbənin bəhrələri daha da möhkəmlənəcək və bölgə ölkənin dinamik inkişafına layiqli töhfələr verəcək”.
Deputat vurğulayıb ki, Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Prezident İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır:
“Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin minlərlə hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Ölkə başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub. 2021-ci il 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi vacib hadisələr sırasındadır. Həmçinin Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib”.
Məlik Məlikov